Türkiyə Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılmasının tərəfdarıdır
28 Yanvar 2012 Şənbə 11:26
Fransanın ATƏT-in Minsk Qrupunun üzvlüyündən çıxarılmasının artıq müzakirə edilməsi lazımdır.
APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu «CNN Türk» telekanalında bir proqrama qatılan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
«Azərbaycan-Ermənistan münaqişəsindən təsirlənən iki millət varsa biri ruslar, o biri türklərdir. Fransa prezidenti Sarkozi iki gün Ermənistanda, bir neçə saat isə Azərbaycanda qaldı. Çox açıq bir şəkildə tərəf tutduğunu göstərdi. Türk torpaqlarına dönüb həddi olmadan Ağrı dağını göstərəcək, sonra da bərabərhüquqlu həmsədr olaraq münaqişənin həlli yolunu axtaracaq. Mən bu sahədə çalışmış bir insan olaraq söyləyirəm, Fransanın belə bir missiyanı yerinə yetirməsi mümkün deyil», - deyə Davudoğlu vurğulayıb.
Bu məsələni Türkiyə tərəfindən müzakirə olunacağını deyən xarici işlər naziri özü bununla bağlı Minsk Qrupuna sorğu ünvanlayacağını vurğulayıb: «Biz torpaqlarının 20%-i işğal edilmiş olan qardaş Azərbaycanın hüququnu da onlardan soruşacağıq. Artıq bunu müzakirə etməyimiz lazımdır. Ya Türkiyə o masada bərabərhüquqlu üzvlər arasında olmalı, ya da Fransa çıxmalıdır. Bizim Türkiyə olaraq mövqeyimiz budur».
DOSTLARINLA PAYLAŞ: