Türkiyə Ermənistan sərhədi açılacaq
01 Mart 2009 Bazar 13:25
Türkiyədə səfərdə olmuş konqresmen Robert Vexler ABŞ Konqresində maraqlı açıqlama ilə çıxış edib.
Türkiyənin “Milliyyət” qəzetinin verdiyi xəbərə görə, ABŞ konqresmeni Türkiyədə olarkən bu ölkənin Ermənistanla sərhədləri açaraq əlaqələri normallaşdırmaqla bağlı fəaliyyətə başladığını müşahidə etdiyini deyib.
 
Konqresin Xarici Əlaqələr Komitəsinin, həmçinin Türkiyə-Amerika Dostluq Qrupunun üzvü olan, demokratların Floridadan olan konqresmeni Robert Vexler Türkiyə-Ermənistan əlaqələrinin qurulması üçün tarixi bir məqam yarandığını, sərhədlərinin açılması və əlaqələrin yaxşılaşması ilə bağlı ehtimalların varlığını söyləyib: ““Türkiyə-Ermənistan əlaqələrində tarixi bir fürsət ortaya çıxıb. İki ölkə arasında ən üst səviyyədə əlaqələrin qurulmasına, sonra da sərhədlərin açılmasına, qarşılıqlı əlaqələrin normallaşmasına gətirib çıxaracaq bir zamandayıq. Bu iki ölkənin 2009-cu ildə bir-biri ilə əlaqələrini sıxlaşdırması, sərhədlərin açılması ehtimalları var. Daha sonra isə qarşılıqlı əlaqələr qurula bilər”.
Qeyd edək ki, Vexler bu il fevralın 16-17-də Türkiyədə prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşüb. O, görüşlərində Davosda yaşanmış gərginlikdən sonra yəhudi diasporu ilə münasibətlər, həmçinin Türkiyə-Ermənistan əlaqələrinin gələcəyi barədə müzakirələr aparıb.
“Milliyyət” qəzeti daha sonra qeyd edib ki, Türkiyənin sərhəd qapılarını açması ilə bağlı məsələ hələ Abdulla Gül İrəvana futbol matçı izləməyə gedəndən bəri diplomatik çevrələrdə danışılır: “Türkiyə bu addım üçün “Ortaq Tarix Komissiyası” yaratmaq təklifinə Ermənistanın “hə” deməsinin vacibliyini bildirir”.

Qeyd edək ki, artıq bir aya yaxın müddətdir ki, Türkiyə və Azərbaycan, eləcə də dünya KİV-də Türkiyənin Ermənistanla danışıqlarda Dağlıq Qarabağ şərtini gündəmdən çıxarması, Türkiyə-Ermənistan sərhədlərini açmağa çalışması ilə bağlı məlumatlar yayılmaqdadır. Lakin Türkiyə rəsmiləri bu məlumatlara heç bir münasibət bildirmirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar