Türkdilli ölkələr gömrük birliyini yaradacaq?
17 Dekabr 2010 Cümə 22:20
Bu məsələ Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının hədəflərindən biridir
Türkdilli ölkələrin Əməkdaşlıq Şurası quruma üzv olan dörd ölkənin İqtisadi İş Birliyini yaratmaq niyyətindədir. Şuranın baş katibi təşkilatın beynəlxalq quruma çevrilməsi istiqamətində danışıqlar aparmaq üçün regiona səfər etdiyini bildirib. Xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Türkiyəni Orta Asiya ilə birləşdirən Bakı-Tiflis-Qars dəmiryolunun gələcəkdə Orta Asiyaya qədər uzadılması təklifi ilə çıxış edən qurumun baş katibi Xəlil Akıncı şura ölkələri arasında vahid gömrük birliyinin yaradılmasının da hədəflərdən biri olduğunu deyib.
“Qazaxıstan və Qırğızıstanın Rusiya ilə gömrük birliyi var. Türkiyənin Avropa ilə gömrük birliyi var. Eyni zamanda Azərbaycanın da bir sıra müqavilələri mövcuddur. Bütün bunları bir-biri ilə əlaqələndirəcək bir gömrük birliyini yaratmaq lazımdır. Çünki gömrük vergisi ticarəti çətinləşdirəcək bir şeydir. Bütün türk dövlətləri arasında vizasız gediş-gəliş də hədəfimizdir”,- deyə o bildirib.
DOSTLARINLA PAYLAŞ: