Türkiyə Çağdaş Yaşamı Dəstəkləmə Vəqfinin sədri, tanınmış alim və ictimai xadim Türkan Saylan vəfat edib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkən professor T. Saylan müalicə olunduğu İstanbul Universitetinin tibb fakültəsinin Onkologiya İnstitutunda yerli vaxtla səhər saat 04.30-da dünyasını dəyişib. Ölümündən əvvəl iki oğlu və dərnək rəhbərliyində təmsil olunan şəxslər onun yanında olub. T. Saylan mayın 20-də İstanbuldakı Zincirliquyu məzarlığında dəfn ediləcək.
T. Saylan 1935-ci ildə dünyaya gəlib. İstanbul Universitetinin tibb fakültəsini bitirib, daha sonra İngiltərədə təhsil alıb. İngiltərə və Fransada tibbi araşdırmalar aparıb və 1977-ci ildə professor olub. 1976-cı ildə lepra (cüzam) xəstəliyi ilə bağlı araşdırmalara başlayıb və Cüzamla Mübarizə Dərnəyini qurub. 1986-cı ildə Hindistanda beynəlxalq Qandi mükafatına layiq görülüb. 2006-cı ilə qədər Dünya Səhiyyə Təşkilatının cüzamla bağlı müşaviri olub. Beynəlxalq Lepra Birliyinin qurucularından biri və sədr müavini, Avropa Dermatoloji-Veneroloji Akademiyasının üzvü olub. 1989-cu ildə bir qrup atatürkçü ziyalı ilə birlikdə dünyəvi dövlət və təhsil sistemini qorumaq məqsədilə Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyini qurub. Həyatı boyunca ölkə daxili və xaricində çoxlu sayda mükafata layiq görülüb. Türkiyədə dünyəviliyə qarşı olan təriqətlərin və dini-siyasi cərəyanların ən böyük düşmənlərindən biri olub. Aprelin 13-də terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində evi və rəhbərlik etdiyi dərnəyin ofisləri polis tərəfindən axtarılıb.
APA