Tunisin devrilmiş prezidentinin 33 qohumu həbs edilib
20 Yanvar 2011 Cümə Axşamı 01:05
Yerli telekanallar onlara məxsus olduğu bildirilən qızıl və zinət əşyalarının müsadirə olunması kadrlarını nümayiş etdirib.
Tunis polisi devrilmiş ölkə prezidenti Zin əl-Abidin bin Əlinin 33 qohumunu “Tunis əleyhinə cinayətlər”də şübhəli bilərək həbs edib. Məlumatı “Reuters” agentliyi yerli televiziyaya istinadən yayıb. Telekanalların rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, onlarla bağlı araşdırma aparılacaq.
Həbslərlə bağlı təfərrüatlar açıqlanmasa da, qızıl və zinət əşyalarının müsadirə olunması kadrları nümayiş etdirilib. Onların həbs edilənlərə aid olduğu bildirilir.
Tunisdə sosial şərait, korrupsiyanın və işsizliyin tüğyan etməsindən narazı olanların kütləvi etirazları təxminən bir ay əvvəl başlayıb. Bir ay ərzində baş verən iğtaşaşlar və nümayişçilərin polislə toqquşmaları nəticəsində 70-dən artıq adam ölüm, yüzlərlə yaralanan və xəsarət alan olub. Ölkəyə dəyən ziyan 1,6 milyard avro ilə dəyərləndirilir.
Kütləvi iğtişaşlar fonunda Tunis prezidenti Zin əl-Abidin bin Əli ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçıb. Onun səlahiyyətləri əvvəl baş nazirə, daha sonra isə parlamentin spikerinə keçib. Konstitusiya Şurası ölkədə 60 gün ərzində növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: