Tunisdə yeni toqquşmalar, dörd nəfər ölüb
06 Fevral 2011 Bazar 05:40
Polis rəisinin nümayişçiyə atdığı kəllə vəziyyəti nəzarətdən çıxarıb.
Tunisin Əl Kef şəhərində nümayişçilərlə polis əməkdaşları arasında toqquşma baş verib. “Frans Press” agentliyinin hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, toqquşmalar nəticəsində dörd nəfər həlak olub.

Əl Kef şəhərinin polis prefekturasının qarşısına 200-300 nümayişçi toplaşıb. Onlar vəzifə borcunu yerinə yetirərkən səlahiyyət həddini aşmaqda günahlandırdıqları şəhər polisinin şefi Xalid Qazuaninin istefasını tələb ediblər. Xalid Qazuani nümayipşçilərdən birini kəllə ilə vurub və toqquşma başlayıb. Kütlə polis şefinin hərəkətinə cavab olaraq binaya daxil olmağa və onu yandırmağa cəhd edib. Polis əməkdaşları nümayişçilərə atəş açıblar. Nəticədə 19 və 49 yaşlı iki nəfər ölüb. Daha üç adam isə xəsarət alıb və onlardan ikisi sonradan dünyasını dəyişib.

“Frans Press”in məlumatına görə, polis şefi həbs edilib, nümayişçilər isə polis prefekturasının qarşısını tərk ediblər.

Xatırladaq ki, yanvarın 14-də Tunisdə inqilab baş verib. Tədricən bütün ölkəni əhatə edən xalq etirazları hakimiyyət dəyişikliyi ilə nəticələnib. İğtişaşlar zamanı 80-dən artıq adam həlak olub, yüzlərlə adam xəsarət alıb. Dövlətə 1,6 milyard avro dəyərində maddi ziyan dəyib. Tunis prezidenti ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar