Tunis xaosdan qurtula biləcəkmi?
16 Yanvar 2011 Bazar 18:25
Tunis xaosdan qurtula biləcəkmi? Turizm bölgəsi kimi dünyada məşhur olan ölkənin aqibəti qaranlıq olaraq qalır.
Turizm bölgəsi kimi dünyada məşhur olan Tunis günlərdir baş verən iğtişaşlardan sonra nəinki siyasi, həm də iqtisadi çətinliklərlə üz üzədir. Prezidentin devrilmsinə baxmayaraq, burada vəziyyət sabitləşmədiyi üçün turistlər istirahətlərini yarımçıq qoyub ölkələrinə qayıdır. Azərbaycanın Tunisdəki müvəqqəti işlər vəkili Mübariz İmanzadənin verdiyi məlumata görə, bu ölkədə baş verən hadisələrdə Azərbaycan vətəndaşları arasında xəsarət alan, yaxud da həbs olunanı yoxdur.
Tunisin qurucusu və ilk prezidenti Həbib Burqibanın daxili işlər naziri postundan baş nazir vəzifəsinə yüksəltdiyi Zin əl-Abidin bin Əli xalqın təzyiqi ilə ölkəsindən qaçan ilk ərəb dövləti lideri oldu. Onun ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçmasından sonra Konstitutsiya Məhkəməsi prezident seçkiləri keçirilənə qədər parlamentin spikeri Fuad Mebazanı müvəqqəti prezident elan edib. Müvəqqəti prezident isə baş naziri yeni hökumət formalaşdırmağa çağırıb. “Mən üzümü bütün Tunis xalqına tutaraq sizi ölkənin milli maraqları naminə birləşməyə və ölkədə əsayişi bərpa etmək üçün ordu və təhlükəsizlik qüvvələrinə yardım göstərməyə və eləcə də demokratiyanın inkişafı məqsədilə islahatların aparılması yolunda bizə kömək etməyə çağırıram. Hökumətə gəldikdə, konstitutsiya şurası ilə məshətləşmələrdən sonra hər şey aydın olacaq”, - deyə Fuad Mebaza xalqa müraciət edib.
Yasəmən çevrilişi adını alan aksiyalar işsizlik və siyasi özbaşınalığa etiraz şəklində özünü biruzə versə də, təbii resurslar baxımından yoxsul olmasına rəğmən Tunisin regionun ən inkişaf edən ölkəsi kimi səciyyələnməsi və illik adamabaşına düşən gəlirin 9 min dollar olması iğtişaşların birmənalı iqtisadi amillərlə bağlı olması versiyasını yaxına buraxmır. Belə ki, 163 min kv.km əraziyə , 10 milyon əhaliyə sahib Tunisin əsas gəlir mənbələrindən biri turizmdir. Baş verən hadisələr isə turistlərin artıq ölkəni tərk etmək məcburiyyəti ilə üz-üzə qoyub. Artıq 333 türk vətəndaşı çətinliklə də olsa İstanbula dönüb.
Böyük Britaniyaya isə 1800-ə yaxın turist təcili reyslərlə geri qayıdıb. Tunisdən canını götürüb qaçanların arasında Rusiya vətəndaşları da olmaqla bir çox ölkənin adı var.
1987-ci ildə qansız inqilabla hakimiyyətə gələndən bin Əli faktiki olaraq ciddi tənqidlər olmadan hakimiyyətini sürdürüb. Sonuncu etiraz aksiyalarına qədər qərb liderləri məhz Tunisi ərəb dünyasında nümunə ola biləcək sabit ölkə kimi təqdim edirdilər. İndi isə ölkəni bürüyən nümayişlər təkcə prezidentin istefası ilə yekunlaşmayıb, qarətçi xarakter almağa başlayıb. Belə ki,
Tunisin şəhərlərinin birində qarışıqlıqdan istifadə edən məhbuslar qaçmaq üçün həbsxananı yandırıblar. Nəticədə 57 məhbus yanaraq ölüb, digəriləri isə qaçmağa nail olub. Hammamet şəhərində Zin əl-Abidin bin Əliyə məxsus malikanə qiyamçılar tərəfindən yandırılıb. Ticarət obyektilərinin, binaların dağıdılması , evlərə hücumlarla müşayət olunan inqilab liderin olmamsı səbəbindən xaosa çevrilib. Nəzərə alsaq ki, məhz bin Əlinin yürütdüyü siyasətin nəticəsində barışmaz islamçılar hakimiyyətdən uzaqlaşdırılaraq, təsirsiz hala gətirilmişdi və Tunis də məhz buna görə islam fundmentalizminin ona təhlükə törətməyən ölkə kimi xarakterizə olunurdu, deməli bu inqilaba islamçıların rəhbərlik etməsi o qədər real görünmür. Bununla belə mühacirətdə olan qüvvələrin artıq ölkəyə gəlməsində məhduddiyət bundan sonra aradan qalxır ki, radikal qüvvələrin hakimiyyəti ələ keçirməsi də gözləniləndir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: