Timoşenkonun məhkəməsi saxlandığı kamerada olacaq
08 Dekabr 2011 Cümə Axşamı 11:18
Ukraynanın sabiq baş naziri səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyib.
Kiyevdə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı irəli sürülən yeni iş üzrə onun saxlandığı istintaq təcridxanasında bu gün yeni məhkəmə iclası keçiriləcək. Yuliya Timoşenko səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyi üçün yeni ittiham üzrə dinləmə onun saxlandığı kamerada keçiriləcək.
Bu dəfə Yuliya Timoşenko vergidən yayınma və Ukrayna büdcəsindən 400 milyon dollardan çox israfçılığa görə məsuliyyət daşıyır. İttihamnamədə 2009-cu ildə Rusiya ilə qaz müqavilələrinin imzalanması zamanı səlahiyyətlərini aşdığına görə artıq 7 il həbs cəzasına məhkum edilən Ukraynanın sabiq baş nazirinin təkrar həbsi tələb olunur. İstintaq təsdiqləyir ki, Yuliya Timoşenko 90-cı illərin ikinci yarısında "Vahid energetika sistemləri" şirkətinə başçılıq edərkən hər iki cinayəti törədib.
Yuliya Timoşenkonun vəkili Sergey Vlasenko bunun mənasız olduğunu desə də, müstəntiq Nikolay Qrabik bildirib ki, bu, qanuni qərardır və müttəhimə qarşı cinayət işi çərçivəsində ehtiyat tədbirləri həyata keçirmək mümkündür, istantaq isə prosesin istənilən mərhələsində bunu etmək hüququna malikdir.
DOSTLARINLA PAYLAŞ: