Timoşenko Ukrayna əhalisindən dəstək istəyib
14 Fevral 2010 Bazar 15:35
Timoşenko: "Mənim məhkəmədə irəli sürəcəyim kifayət qədər sübutum var"
Prezident seçkilərinin ikinci turunda məğlub olmuş Yuliya Timoşenko seçkilərin saxtalaşdırılması və buna görə, məhkəməyə müraciət edəcəyi ilə bağlı çıxış edib. O, çərşənbə günü son nəticənin açıqlanacağına qədər mübarizə aparacağını bildirib.
Ukraynanın baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko Ukrayna əhalisinə müraciət edərək seçkilərin son nəticəsinin onun xeyrinə dəyişməsi üçün dəstək istəyib. Lakin bunun üçün insanlardan ölkədə qeyri stabillik yaranmasın deyə hər hansı nümayiş keçirməməyi də xahiş edib. Timoşenko seçkilərdə bir milyondan çox səsin saxtalaşdırılmasını iddia edərək Yanukoviçi buna görə ittiham edib. O, həmçinin qeyd edib ki, seçkilərdə müşahidəçi qismində olan bir qrup ATƏT rəsmisi məhkəmədə video görüntülərlə sübutların irəli sürülməsində ona dəstək olacağına dair vədlər verib.
"Mənim seçkilərin saxtalaşdırılması ilə bağlı məhkəmədə irəli sürəcəyim kifayət qədər sübutum var. Bütün bu qanuni dəlillərə sahib olaraq mənə səs verən bütün tərəfdarlarımı əmin edirəm ki, onların səslərini qorumaq üçün əlimdən gələni edəcəm. Məhkəməyə müraciət etməmək isə Ukraynanı cinayətkarların əlinə vermək deməkdir. Hesab edirəm ki, Ukraynanın indiki halında ona stabillik gərəkdir. Buna görə də məni dəstəkləyən bütün inanlara üzümü tutub deyirəm ki, mübahisələrin həlli ancaq qanuni yolla həll olunmalıdır və hər birinizdən xahiş edirəm ki, heç bir küçə nümayişinə, heç bir etiraz aksiyasına yol verməyəsiniz. Qeyd etmək istəyirəm ki, mən Viktor Yanukoviçi Ukrayna prezidenti olaraq görmürəm. O, heç vaxt ölkənin qanuni prezidenti ola bilməz”,-deyə Timoşenko bildirib.
Xatırladaq ki, bu ayın 7-si keçirilən prezident seçkilərinin ikinci turunda Regionlar partiyasından olan namizəd Viktor Yanukoviç 3.5 faiz səs çoxluğu ilə qalib gəlib. Beynəlxalq müşahidəçilər seçkinin şəffaf və ədalətli keçdiyini bildirib. Bu isə öz növbəsində timoşenkonun məhkəmədə heç də uğura sahib olmayacağına bir işarə kimi qiymətləndirilir. Ukrayna Mərkəzi Seçki Komissiyasından isə Timoşenkonun seçki kompaniyasından seçkilərin bir sıra seçki dairələrində saxtalaşdırılması ilə bağlı 60 şikayətin qəbul olunduğu bildirilir. Xatırladaq ki, 2004-cü ildə Yanukoviç prezident seçilən zaman səslərin ləğv olunmasında və onun prezidentlik postuna sahib ola bilməməsində Yuliya Timoşenkonun böyük rolu olmuşdu. Həmin il narıncı inqilab adı altında paytaxt Kiyevin mərkəzi meydanında ali məhkəmədən təkrar seçkilərin keçirilməsi tələb olunmuş və nəticə etibarilə Timoşenkonun müttəfiqi Viktor Yuşenko qələbə qazanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: