Timoşenko indi də sui-qəsd ittihamı ilə təqsirləndiriləcək
15 Mart 2012 Cümə Axşamı 06:14
Ukrayna baş prokurorunun müavini sabiq baş nazirə aid şirkətin siyasi motivli qətl sifariş verdiyini iddia edir.
Ukrayna höküməti ölkənin həbsdə olan sabiq baş naziri Yuliya Timoşenkoya qarşı yeni ittiham irəli sürə bilər. Belə ki, Ukraynanın baş prokurorunun müavini Renat Kuzmin keçmiş hökumət başçısına məxsus şirkətin siyasi motivli qətl sifariş verdiyini iddia edir. Onun sözlərinə görə, 1996-cı ildə hava limanında həyat yoldaşı və köməkçisi ilə birgə qətlə yetirilmiş deputat Yevgen Şerbana qarşı təşkil olunmuş sui-qəsddə Timoşenkonun şirkəti ilə yanaşı, digər sabiq baş nazir Pavlo Lazarenkonun da əli olub.

Renat Kuzmin hazırda bu versiyanın dəqiq müəyyən edilməsi üçün prokurorluğun lazımi araşdırmalar həyata keçirdiyini və bunun üçün Lazarenkonun da dindirilməsinin vacib olduğunu bildirib. Qeyd edək ki, soyğunçuluq və korrupsiyada təqsirli bilinən Pavlo Lazarenko hazırda Amerika Birləşmiş Ştatlarında 9 illik həbs cəzası çəkir. Yuliya Timoşenko isə Rusiya ilə əlverişsiz qaz müqaviləsi bağladığını görə ittiham edilib və 7 il həbs cəzası alıb. Ona qarşı irəli sürülən yeni ittiham əsaslı olsa sabiq baş nazir hələ uzun müddət dəmirbarmaqlıqlar arxasında qalmalı olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar