Tiflisdə vəziyyət hər an nəzarətdən çıxa bilər
25 May 2011 Çərşənbə 23:02
Müxalifətçiləri paytaxtın mərkəzində hərbi parad üçün qurulmuş tribunanı ələ keçiriblər
Gürcüstan prezidenti Mixail Saakaşvili müstəqillik bayramını mürəkkəb şəraitdə qarşılayır. Müxalifətin prezidentə istefa tələbi ilə ölkənin paytaxtında başladığı etiraz aksiyası bu gün Rustavelli prospektinin bağlanması ilə nəticələnib. Narahatlıq doğuran odur ki, sabah məhz bu prospektdə Mixail Saakaşvilinin iştirakı ilə hərbi paradın keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə quraşdırılmış tribunanı müxalifət artıq ələ keçirib.
Gürcüstan müxalifətinin artlq bir neçə gündür ki, prezident Mixail Saakaşvilinin istefa tələbi ilə keçirdiyi etiraz aksiyaları ölkənin İctimai Televiziyanın qarşısında davam etməkdədir. Amma əvvəlki günlərlə müqayisədə burada etirazçıların sayı az idi. Bunu səbəbi isə ötən gündən başlayaraq bəzi kütləvi informasiya vasitələrində mitinqin olmayacağı ilə bağlı məlumatların yayılması idi. Çünki Xalq Hərəkatının əsas iştirakçılarından olan Gürcüstan Partiyasının həmsədri, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin Tiflisə dönməyəcəyi dəqiqləşəndən sonra “Qəzəb günü”nün də baş tutmayacağı ilə bağlı xəbərlər yayıldı.
Nino Burcanadze ölkədə vəziyyətin gərginləşdiyini və xeyli sayda insanın həbs olunduğunu və döyüldüyünü bildirib. Onun sözlərinə görə, müxalifət onlarla insanın həbs olunduğundan dəhşətə gəlib: “Onların əksəriyyətinin hara aparıldığını belə bilmirik. Tiflisdə bütün müvəqqəti saxlanma məntəqəlri dolub. İnsanları artıq başqa rayonlara, əsasən də Gürcüstanın qərbinə aparırlar”.
Hər şeyin nəzərdə tutulduğu kimi baş verəcəyini bildirən xanım Burcanadze yaranmış anlaşılmazlıqda İrakli Okruaşvilini günahlandırıb: “Dünəndən bu günə Okruaşvilinin prezident Saakaşvili ilə qovma oynamasından və aksiyanın baş verməyəcəyini deməsindən bu yana, bu, insanlar arasında daha da anlaşılmazlıq yaratdı. Bir çox insanlar hazırda hökumətin media vasitələrini dinləyərkən mitinqin daha olmayacağını zənn edirlər”.
İrakli Okruaşvili ilə birgə Gürcüstan Partiyasını yaratmış sabiq ombudsman Sozar Subari isə ANS-ə müsahibəsində bütün bu problemlərin Nino Burcanadze tərəfindən yer aldığını vurğulayıb. Gürcüstan Partiyasının lideri deyir ki, 25 mayda bu mitinqlərin ən pik nöqtəsi olmalı idi. Onun sözlərinə görə, onlar qərar verməli idilər ki, Saakaşvili öz postunda qalacaq, ya yox: “Biz bu mitinqi prezident binasının yaxınlığında olmasını istəyirdik. Bütün şəhərin və Gürcüstanın bu mitinqə qoşulmasını istəyirik. Amma təəssüflər olsun ki, Nino Burcanadze başqa yerdə mitinq təşkil etdi. Bu da cəmiyyətdə ikitirəlik yaratdı. İnsanlar hara getmək lazım olduğunu bilmədilər”.
S. Sobari deyir ki, bununla belə Gürcüstan Partiyası öz qərarının üstündə qalıb: “Biz xanım Burcanadzenin və Milli Şuranın nə edəcəyini gözlədik”
Bir sözlə, meydanda müxalifətin liderlərindən biri olan Levan Qaçeçiladzenin də görünməməsi xalq hərəkatının içərisində parçalanmaya bir işarədir.
Qeyd edək ki, Gürcüstan Partiyası xalq hərəkatından çıxaraq öz tərəfdarlarını mitinqlərə getməməyə çağırıb. Amma Nino Burcanadze tərəfdarları mitinqdə nəzərdə tutulduğu kimi “Azadlıq” meydanına tərəf hərəkət getdilər. Lakin mitinq meydan əvəzinə, Tiflisin Rustaveli prospektində, parlamentin qarşısında keçirildi. Çıxış edən müxalifət nümayəndələri xalqı səhərə qədər burada qalmağa çağırdı.
Sabah isə Gürcüstanın müstəqillik günüdür və bu məqsədlə Rustaveli prospekti və Azadlıq meydanında prezident Mixail Saakaşvilinin də iştirak edəcəyi parad keçiriləcək. Müxalifətin məqsədi isə Rüstaveli prospektini tutmaqla, paradın keçirilməsinə mane olmaqdır.
Bu arada, Gürcüstan hökumətinin müxalifətə etiraz aksiyaları keçirmək üçün verdiyi icazənin vaxtı da bu gecə saat 00:00-da bitəcək.
DOSTLARINLA PAYLAŞ: