Tiflis sakinləri həftəsonu necə istirahət edir?
18 Mart 2012 Bazar 19:33
Gürcüstan paytaxtında restoran işinə başlayan biznesmenlər öncə yerli sakinlərin maraq və psixoloji xüsusiyyətlərini təhlil edir.
Uzun və gərgin iş həftəsindən sonra hər kəs istirahət günlərini səbirsizliklə gözləyir desək, yanılmarıq. Yorğun iş günlərinin acısını çıxarmaq istəyənlər maraqlı istirahətə can atırlar. Elə qonşu Gürcüstanda da istirahət gününü maraqlı və mənalı keçirmək üçün xüsusi məkanlar var.

Tiflisdə həftəsonlarını maraqlı keçirmək adi bir adət halını alıb. Hər kəs yorğun həftə günlərinin sonunu fərqli keçirməyə can atır. Ailələr əsasən şəhər kənarına çıxır, yaxud şəhərdə olan əyləncə mərkəzlərinə üz tuturlar.

Tiflisdə həftəsonunu keçirmək üçün bir neçə populyar məkan var. Ən populyar və elit məkanlardan biri “Ədəbiyyat kafesi” hesab edilir. Həftə sonları “Ədəbiyyat kafesi”ndə məhşur gürcü yazıçılarını, şairlərini, aktyor və aktrisalarını görmək adi haldır.

Tiflis sakini Davit Laşiaşvilinin sözlərinə görə, həftəsonlarını bu kafedə keçirmək ayrı bir zövq verir: “Çox sakit atmosferdir. Kitablar çeşidi həddindən artıq böyükdür. Həm kitab oxuyursan, həm dadlı, fərqli şirniyyat yeyirsən, dostlarınla görüşürsən, oxuduğun kitabları müzakirə edirsən. Həftəsonu üçün gözəl məkandır”.

“Ədəbiyyat kafesi”nin özəl xüsusiyyətlərindən biri onun bir növ kitabxana funksiyasını yerinə yetirməsidir. Burada çay sifariş etdiyin kimi, oxumaq istədiyin kitabi da sifariş edib çay içə-içə oxuya bilərsən. Bəyənsən kitabı alarsan, almaq üçün yetərli pulun olmadığı halda isə gələn dəfə gəlib bir stəkan çay sifariş edib oxumağa qaldığın səhifədən davam edə bilərsən. Həftəsonu tələbələrin bu məkanı seçməsinin əsas özəlliklərindən biri məhz budur.

Paytaxt sakini Keti Çapiaşvili isə deyir ki, şənbə-bazar günlərində “Ədəbiyyat kafesi”ndə istirahət edən, bir biri ilə görüşən insanların sayı daha çox olur. Onun sözlərinə görə, bura həftəsonunu keçirmək üçün əla variantlardan biridir.

Həftəsonları Tiflisdə 3 hissəyə bölünür: günorta, axşam və gecə. Gənclər gecələri əsasən klublarda, “Pub”larda canlı musiqi dinləməklə keçirirlər. Axşam isə əsasən dost, tanışlar görüşürlər. Əgər gecə istirahəti üçün gürcülər bağlı məkanları seçirlərsə, axşam istirahəti üçün seçilən məkanlar həmişə şüşəli, işıqlı olmalıdır. Tiflisdə buna görə də kafe və istirahət üçün nəzərdə tutulan məkanların demək olar ki hamısı şüşədəndir.

“Elvis klubu”nun baş meneceri Avtandıl Mikayanın sözlərinə görə, həftəsonlarını klubda keçirənlərin sayı çoxdur: “Gənclər daha çox olur. Gürcülərin qaydasıdır ki, hər nə olsa həftəsonunu mütləq şən, fərqli keçirməlidirlər. Buna görə də həftəsonları bir çox məkanlarda insanların sayı daha çoxdur”.

Tiflis sakini Vano Çelidze də həftəsonlarını çox maraqlı keçirdiyini deyir. O vaxtı olduğu halda qış aylarında Qudauriyə, Bakurianiyə xizək sürməyə gedir, yayda isə Tiflisə yaxın hər hansı bir dağlıq əraziyə yollanır. Tiflisdə qalmalı olanda isə, dostlarınla görüşür, söhbət edir, ötən həftənin hadisələrini müzakirə edir.

Tiflisdə istirahət, kafe, restoran işinə başlayan hər hansı bir brend və yaxud biznes qurum ilk öncə sakinlərin maraq və psixoloji xüsusiyyətlərini təhlil edir. Bu şəhərin sakinləri həmişə yalnız öz bəyəndikləri və öz istədiklərini edirlər. Bu burada bir qaydadır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar