Təyyarə üçün lazer təhlükəsi
21 May 2010 Cümə 17:45
Türk polisi Atatürk hava limanı ətrafında genişmiqyaslı əməliyyat keçirib.
Dünən Türkiyənin Atatürk Hava Limanında yerə enən təyyarənin pilotunun şikayəti polisi hərəkətə keçirib. Saat 22:00 radələrində hava limanına yaxınlaşan təyyarənin pilotu Uçuş Nəzarət Mərkəzinə təyyarəyə doğru lazer işığının yönləndirildiyi barədə məlumat verib. Hava limanından polisə məlumat verildikdən sonra İstanbulda Yaşılköy adlanan ərazidə genişmiqyaslı əməliyyata başlanılıb.
Əsasən gecə saatlarında müxtəlif otel və əyləncə mərkəzlərində təşkil olunan lazer şouları ümumilikdə pilotlar üçün maneəçilik törətsə də, bəzən insanlar əyləncə məqsədi ilə bu işığı təyyarələrə yönəltməkdən zövq alırlar.
Atatürk Hava Limanında 2009-cu ildə də oxşar hadisə qeydə alınmışdı. “British Airways” avia şirkətinə məxsus olan təyyarənin pilotu da İstanbulda eniş zamanı təyyarəyə lazer şüası istiqamətləndirilməsi barədə məruzə etmişdi. Təhlükəsizlik məqsədi ilə ingilis pilot İstanbula növbəti səfərdən isə imtina etmişdi.
Avstraliyada isə ötən il enmə zamanı təyyarəyə yaşıl rəngli lazer şüası tuşlayan iki nəfər həbs edilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: