Texas ştatının qubernatoru ABŞ prezidentliyinə iddiasını rəsmən təsdiqlədi
14 Avqust 2011 Bazar 04:05
61 yaşlı Rik Perrini ən parlaq namizədlərdən biri olacağı gözlənilir
Texas ştatının qubernatoru Rik Perri 2012-ci ildə ABŞ prezidentliyi uğrunda mübarizədə iştirak etmək niyyətini rəsmən təsdiqləyib. “Amerikanı yenidən ayağa qaldırmağın vaxtı yetişib. Məhz buna görə ailəmin dəstəyi və Amerikanın böyüklüyünə olan sarsmılmaz inamım sayəsində mən namizədliyimi Birləşmiş Ştatlar prezidenti vəzifəsinə irəli sürürəm”, - siyasətçinin bəyanatında deyilir.

Müşahidəçilərin fikrincə, ABŞ-ın cənubundakı vacib ştatlardan birinin qubernatoru vəzifəsinə üç dəfə dalbadal seçilən Rik Perri öz partiyasından olan namizədlər arasında ən parlağı olacaq. Respublikaçılar arasında keçirilən sorğular göstərir ki, hələ prezidentlik yarışına rəsmən qoşulmazdan əvvəl Rik Perri iki əsas rəqibi - Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni və Minnesota ştatından ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Mişel Bakmanla daban-dabana mübarizə aparır.

Əksər respublikaçı namizədlər kimi Texas qubernatoru da ABŞ-ın “xilas planı”nı açıqlamır, yalnız Barak Obamanın xüsusilə iqtisadi sahədəki fəaliyyətini tənqid etməklə kifayətlənir. Rik Perrinin fikrincə, Barak Obamanın “məsuliyyətsiz siyasəti ABŞ-ın tək iqtisadiyyatını yox, həm də təhlükəsizliyini təhlükə altında qoyur”. Texas qubernatoru xarici, ilk növbədə Çin kreditorlarının pullarından imtinaya çağırır, ABŞ-ın özünün neft hasil etməsi təklifini irəli sürür.

2000-ci ildə Texas qubernatoru vəzifəsində ABŞ-ın keçmiş prezidenti Corc Buşu əvəz edən Rik Perri ştat əhalisi arasında populyar siyasətçidir. Onun 61 yaşı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar