Texas ştatı Xocalı soyqırımını tanıdı
04 İyun 2011 Şənbə 00:02
Ştatın Nümayəndələr Palatası Ermənistan silahlı qüvvələri və 366-cı alay tərəfindən törədilən cinayətlə bağlı qətnamə qəbul edib
Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb. Bu ştatın nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir. Qətnamədə qeyd edilir ki, “Human Rights Watch” təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanıyıb.
Xatırladaq ki, 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib.
Qeyd etmək lazımdır ki, erməni diasporu ilə müqayisədə Azərbaycan diasporu hələ gəncdir və Azərbaycan icmalarının yaşadığı ölkələrin ictimai həyatına bu diasporun təsiri hələ yenicə qüvvə toplamaqdadır. Lakin bizim diaspor erməni diaspor təşkilatlarının mövqelərinin daha güclü olduğu ölkələrdə və ştatlarda cəsarətlə onlara qarşı “döyüşür”. Bu fəaliyyət xətti davam edəcəkdir. Vaxt gələcək, hökmən gələcək, Xocalı soyqırımını tanıyan ölkələrin və ştatların sayı qondarma erməni soyqırımını tanımış ştatların və ölkələrin sayından çox olacaq.
Onu da xatırladaq ki, ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri, o cümlədən Kaliforniya ştatı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul ediblər.
DOSTLARINLA PAYLAŞ: