Terror təhlükəsi altında seçki
07 Mart 2010 Bazar 20:25
İraqda parlament seçkiləri günü 38 nəfər öldürülüb
Bu gün İraqda keçirilən parlament seçkiləri başa çatıb. Ciddi təhlükəsizlik təbirləri ilə müşayiət olunan seçkilərdə 19 milyon iraqlı 51 min seçki məntəqəsində səs verib.
Parlament seçkilərinin monitorinqi isə 500 beynəlxalq müşahidəçi, həmçinin, Ərəb Ölkələri Liqasından 70 nümayəndə, eləcə də 250 min yerli təşkilat və cəmiyyət nümayəndlələri tərəfindən aparılıb. Axşam 18:00-dək davam edən səsvermənin bir neçə saat uzadılması gözlənilsə də bu baş verməyib.
Qeyd edək ki, 325 deputat mandatı uğrunda 6218 namizəd mübarizə aparıb. Parlament seçkilərində 4 əsas partiya mübarizə aparır. Bunlar baş nazir Nuri əl-Malikinin liderlik etdiyi Dövlət Qanununa Dəstək Koalisiyası, vitse-prezident Tarik əl-Haşiminin başçılıq etdiyi İraq Bloku, İraq Milli Alyansı və Kürd Demokrat partiyasıdır.
İraqın radikal şiə liderlərindən hesab olunan Muktəda Əl-Sədr isə Tehranda keçirdiyi mətbuat konfransında tərəfdarlarını seçkilərdə iştirak etməyə və səsvermə prosesinə qoşulmağa çağırıb.
Seçki günü baş verən terror aktları nəticəsində 38 nəfər dünyasını dəyişib. Ölkə üzrə 110 nəfərin isə yaralandığı bildirilir. İraq Daxili İşlər Nazirliyindəki bir mənbənin açıqlamasına görə paytaxt Bağdadda “katyuşa” tipli raketlərlə həyata keçirilmiş bir terror hücumu zamanı 30 nəfər ölüb.
Bu gün asayişin qorunmasına bir milyonadək hərbçi, polis əməkdaşı, kəşfiyyat xidməti əməkdaşı, həmçinin Amerika hərbçiləri cəlb olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: