“Tərəflər Kazanda öz mövqelərini yaxınlaşdıra bilərlər”
07 İyun 2011 Çərşənbə Axşamı 02:35
“Azərbaycan və Ermənistanın dövlət başçıları arasındakı görüşlər keyfiyyətcə yeni formata keçib”
“Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin iyun ayında Kazanda keçiriləcək görüşü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədri olan dövlət başçılarının birgə bəyanatı onu göstərir ki, münaqişə tərəflərinin rəhbərləri arasındakı müzakirələrin təşkilini yalnız Rusiya tərəfinin təşəbbüsü kimi qiymətləndirmək lazım deyil. Başqa sözlə, bu fakt ABŞ və Fransa tərəfindən Qarabağ münaqişəsinə diqqətin olduğunu göstərir”. ANS PRESS-in məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə bildirib ki, son iki ildə yalnız ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndələri yox, həm də həmin dövlətlərin başçıları bəyanatlarla çıxış etməyə başlayıblar. Bundan başqa, artıq iki ildən çoxdur ki, həmsədr ölkələrdən birinin başçısı, məhz Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində birbaşa iştirak edir. Millət vəkilinin fikrincə, bu faktlar öz-özlüyündə ondan xəbər verir ki, Azərbaycan və Ermənistanın dövlət başçıları arasındakı görüşlər keyfiyyətcə yeni bir formata keçib.
“Qeyd etmək lazımdır ki, əvvəllər Minsk qrupunun həmsədri olan ölkələr yalnız sözdə tərəflərə diplomatik çağırışlar edirdilərsə, artıq indi onlar tərəflərə Qarabağ probleminin nizama salınması üçün əsas prinsiplərin hazırlanmasını tövsiyə edirlər. Buna görə də, indi münaqişə tərəflərindən konkret mövqe ilə çıxış etmək tələb olunur. Bütün bunları nəzərə alaraq belə güman etmək olar ki, tərəflər Kazanda problemin həlli məsələsində öz mövqelərini yaxınlaşdıra bilərlər”, - Aydın Mirzəzadə vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: