“Təmiz duyğularla dediyim sözlər siyasətdə istifadə olunmasın”
05 Sentyabr 2011 Bazar Ertəsi 01:01
PKK terror təşkilatı Arda Turanın sözlərindən öz lehində istifadə edib
Türkiyə milli futbol komandasının və “Qalatasaray” klubunun ulduz oyunçusu Arda Turan siyasi partiyalardan birinin qurultayında onun sərf etdiyi sözlərin deyilməsinə və bunun hər kəs tərəfindən alqışlanmasına sərt reaksiya verib. Futbolçu verdiyi yazılı açıqlamada sözlərinin fərqli məcralara çəkildiyini, buna görə çox kədərləndiyini bildirib: “2 sentyabr cümə günü keçirilən Türkiyə Qazaxıstan qarşılaşmasından sonra dediyim sözlərin səhv başa düşüldüyünü və fərqli məcralara çəkildiyini təəssüflə müşahidə edirəm. Mən, hətta milli komandada öz komandamdan daha yaxşı oynadığım üçün tənqid edilən bir futbolçuyam. Qələbə ehtirasımı, vurduğum qoldan sonra ay-ulduzlu formama olan sevgimi hamı gördü”.
Ölkədə son günlər çoxalan şəhid xəbərlərinə görə kədərləndiyini deyən Turan vətənini çox sevdiyini bildirib və sözlərinin siyasətdə istifadə olunmamasını xahiş edib: “Qarşılaşmadan sonra verdiyim açıqlamada ölkəmdə hər gün baş verən ölümlərə, şəhid xəbərlərinə görə kədərləndiyimi bildirməki istədim. Hamı yaxşı bilsin ki, mən futbolçuyam və işim stadionda danışmaqdır. Təmiz duyğularla dediyim sözlərin siyasətdə istifadə olunmasına qarşıyam. Xahiş edirəm heç kim məni belə mübahisələrə çəkməsin”.
Xatırladaq ki, Türkiyə - Qazaxıstan qarşılaşmasında Arda Turan, “Vurduğum qolu Türkiyədəki bütün xalqların şəhid olan övladlarına ərmağan edirəm” – demişdi.
Qeyd edək ki, PKK terror təşkilatının siyasi cinahı BDP-nin (Barış və Demokratiya partiyası) ötən gün Ankarada keçirilən qurultayında partiyanın həmsədri Səlahəddin Dəmirtaş A. Turanın bu sözlərini çıxışı vaxtı dilə gətirib, qurultay iştirakçıları isə bir nəfər kimi bu sözlərə görə ulduz futbolçunu alqışlayıb.
DOSTLARINLA PAYLAŞ: