Tehranda keçirilən beynəlxalq sərgidə qarşıdurma yaranıb
25 Oktyabr 2009 Bazar 19:20
Mirhüseyn Musəvinin müşavirinin sərgiyə gəlişi bir neçə pavilyonun dağıdılması ilə nəticələnib
İranda prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvinin müşaviri olmuş Əlirza Hüseyni Behişti bu gün Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisinin keçirildiyi salona gəlib. Musəvinin tərəfdarları onu alqışlar və şüarlarla qarşılayıb. Onlar “Diktatora ölüm!”, “Rusiyaya ölüm!”, “Yaşasın Musəvi” və digər şüarlar səsləndirib.

Bunun ardınca prezident Mahmud Əhmədinejadın tərəfdarları Musəvinin ünvanına əks şüarlar söyləyib, onu ara qarışdırmaqda, İranda təfriqə salmaqda ittiham edib. Gərginlik bir müddət davam edib. Qarşıdurma yaranacağından ehtiyat edən təhlükəsizlik qüvvələri Behiştini salondan çıxarıb.

Buna baxmayaraq, tərəflər arasında qarşılıqlı ittihamlar və şüarların səsləndirilməsi davam edib. Qarışıqlıqda bir neçə pavilyon dağılıb. Tərəflər yalnız təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra sakitləşib. Xəsarət alan olmayıb.

Qeyd edək ki, oktyabrın 23-də prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin də sərginin keçirildiyi salona gəlməsi ilə gərginlik yaşanmış, Əhmədinejad tərəfdarları ona hücuma cəhd etmişdilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar