Tehrana əlavə qoşun və zirehli texnika gətirilib
31 Dekabr 2009 Cümə Axşamı 13:55
Müxalifət iddia edir ki, bu addım, planlaşdırılan nümayişin qarşısının alınması məqsədilə atılıb
İran hakimiyyəti müxalifətin bu günə planlaşdırılan nümayişinin qarşısını almaq üçün paytaxt Tehrana əlavə qoşunlar və zirehli texnika toplayır. Məlumatı müxalifətçi “Jaras” saytı yayıb. Məlumatda deilir ki, yüzlərlə hərbçi və onlarla zirehli texnika Tehrana doğru hərəkət edir. Müxalifət İran paytaxtının bəzi rayonlarında hüquq-mühafizə orqanlarının gücləndirilmiş rejimdə işlədiyini iddia edir.
Ötən gün İran polisinin rəhbəri İsmayıl Əhmədi-Moqədəm müxalifət tərəfdarlarına xəbərdarlıq etmişdi ki, hüquq-mühafizə orqanları nümayişçilərə qarşı daha sərt davranacaq, məhkəmələr isə qanunsuz aksiyaların iştirakçıları ilə bağlı qətiyyətli qərarlar qəbul edəcək.
İranda təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarlarının toqquşmaları ötən həftənin şənbə günündən başlayıb. Bazar günü isə vəziyyət daha da gərginləşib. Son məlumatlara görə, iğtişaşlar zamanı azı 15 nəfər həlak olub, 300-ə yaxın adam həbs edilib. Həlak olanlar arasında müxalifət lideri Mir Hüseyn Musəvinin qohumu da var.
Yeni toqquşmalar barədə məlumatlar yayıldıqdan sonra bir sıra Qərb ölkələri, o cümlədən Avropa Birliyinə sədrlik edən İsveç İran hakimiyyətinin addımlarını pisləyib. Rusiya XİN isə İrandakı hadisələrdən narahatlığını ifadə edib və tərəfləri kompromisə çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: