Tehrana daha bir xəbərdarlıq...
20 Fevral 2010 Şənbə 16:35
İran mübahisəli nüvə proqramına görə, BMT-nin əlavə sanksiyaları ilə üzləşə bilər
Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (MAQATE) rəsmi Tehrana daha bir xəbərdarlıq edilib. Belə ki, İran mübahisəli nüvə proqramına görə, BMT-nin əlavə sanksiyaları ilə üzləşə bilər.
MAQATE-nin bəyanatında deyilir ki, rəsmi Tehran ya nüvə silahının istehsalına yenidən başlayıb, ya da ki 2007-ci ildən bu yana bu prosesə ara verməyib. Fransa və Almaniya rəhbərliyindən bildirilib ki, əgər İran BMT qətnamələrinə və Beynəlxalq Atom Enerjisi Agentliyinə məhəl qoymadan nüvə başlıqlarının istehsalına davam edərsə o zaman o BMT Təhlükəsizlik Şurasının əlavə qətnamələri ilə üzləşə bilər.
Almaniyanın xarici işlər naziri Quido Vestervelle Berlində jurnalistlərə verdiyi müsahibə zamanı deyib ki, İranın nüvə enerjisindən mülki məqsədlər üçün istifadə etmək hüququ olsa da, onun nüvə silahı yaratmağa haqqı yoxdur.
“Almaniya hökuməti adından demək istəyirəm ki, İran nüvə ehtiyatlarından ictimai gəlir əldə etmək üçün istifadə edə bilər. Lakin nüvə silahı yaratmağa onun hüququ yoxdur. Eyni zamanda bildirmək istəyirəm ki, İran öz müqavilə öhdəliklərini yerinə yetirməyə borcludur. İranın nüvə silahının istehsalı ilə məşğul olması nəinki region ölkələrinə, həm də bütün dünyaya təhlükə törədir. Ona görə də hesab edirəm ki, bu ölkəyə qarşı dünya ictimaiyyəti həmrəy olmalı və bu sahədə müvafiq addımlar atılmalıdır”, - deyə Quido Vestervelle bildirib.
Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Nesterenko bildirib ki, İrana qarşı BMT Təhlükəsizlik Şurasında hal-hazırda mümkün sanksiyalara hazırlıq getməsə də, belə qadağaların tətbiq olunmasını istisna etmək olmaz.
Almaniya kansleri Angela Merkelin sözçüsü Ulriç Vilheym isə deyib ki, İranın nüvə silahının istehsalı ilə məşğul olmaqda israrlı olması ona qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edə bilər.
Qeyd edək ki, MAQATE ötən gün ilk dəfə olaraq İranın nüvə silahı üzərində iş apara bilməsindən narahat olduğunu açıqlayıb. İrana qarşı etiraz səslərini ucaldan Avropa dövlətləri ABŞ kəşfiyyatının İranın nüvə silahının istehsalına 2003-cü ildə son qoyması ilə bağlı üç il bundan öncə verdiyi məlumatın düzgün olmadığını bildirərək, bu məsələyə yenidən baxılmasını istəyir. İran isə nüvə silahının istehsalı ilə məşğul olmadığını iddia edərək bunun üçün heç bir marağının olmadığını bəyan edir. Bu arada almaniyanın aparıcı sığorta şirkətləri İranla biznes əlaqələrini kəsəcəkləri ilə bağlı fikirlər səsləndirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: