Tehran yenə Qərbi ittiham etdi
15 Dekabr 2010 Çərşənbə 22:25
İran parlamentinin spikeri Cabaharda baş vermiş partlayışa görə ABŞ-la İsraili günahlandırıb
İran parlamentinin spikeri Əli Laricani bu gün ölkənin cənubunda baş verən partlayışa görə ABŞ və İsraili günahlandırıb. 38 nəfərin ölümünə səbəb olan hadisənin Amerika və İsrail kəşfiyyatçılarının işi olduğunu deyən Laricani bu ölkələrin etdiklərinin cavabsız qalmayacağını bildirib.
Qum şəhərində təşkil edilən Kərbala yas mərasimində çıxış edən İran parlamentinin spikeri keçmişdə iranlı alimləri hədəf alan düşmənlərin belə addımlarla məqsədlərinə çatmayacaqlarını deyib. O qeyd edib ki, düşmənlərin məqsədi müsəlmanların arasına nifaq salmaqdır.
Xatırladaq ki, İranda bu gün baş verən terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. ANS PRESS-in "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, Cabahar şəhərində məscidin yaxınlığında baş verən partlayışda ölənlər arasında qadın və uşaqlar da olub. Yaralıların sayı 50-dən artıqdır.
Qeyd edək ki, İranda terror aktı Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin ölümünün ildönümünə həsr olunmuş matəm tədbirlərinin keçirildiyi bir vaxtda törədilib.
.
DOSTLARINLA PAYLAŞ: