Tehran yenə çalxalanır
04 Avqust 2009 Çərşənbə Axşamı 23:00
Yüzlərlə insan paytaxt küçələrinə çıxaraq Mahmud Əhmədinejadın ölkə prezidenti seçilməsinə etiraz edib

 

İran ali dini liderinin Mahmud Əhmədinejadı prezident vəzifəsinə təsdiq etməsindən sonra Tehranda etiraz aksiyası keçirilib. Yüzlərlə insan Tehran küçələrinə çıxaraq Mahmud Əhmədinejadın ölkə prezidenti seçilməsinə etiraz edib. Məlumata görə, aksiya iştirakçıları Tehranda Vannak meydanı və Vəliəsr prospekti boyu İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında hərəkət ediblər. Nümayişçilərin bir qismi "diktatora ölüm", bir qismi isə "Allah böyükdür" şüarları səsləndirib.

Polislərin 2000-ə qədər insanın iştirak etdiyi aksiyanı dağıtmaq cəhdi qarşıdurmalarla nəticələnib. Polis Vəliəsr və Vanak meydanları arasında yığışan müxalifət təmsilçilərinə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polis maşınları Azadlıq meydanına aparan yolları bağlayıb, İranın təhlükəsizlik qüvvələri və Bəsic üzvləri isə ərazidə nəzarəti gücləndirib. Şahidlər 10 nəfərin polis tərəfindən saxlanılaraq aparıldığını bildiriblər. İnternetdə yerləşdirilən kadrlarda da bir neçə polis əməkdaşının nümayiş iştirakçısını zorla maşına oturtduğu görünür. Yolla hərəkət edən avtomobillər də siqnal verərək nümayişçilərə dəstək olub.

Kadrlarda görünməsə də, müxalifətin aparıcı fiqurlarından biri olan Mehdi Kərrubinin dünən Tehran küçələrində keçirilən mitinqdə iştirak etdiyi bildirilir. Müxalifət iddia edir ki, çərşənbə günü parlamentdə prezident kimi and içəcək Mahmud Əhmədinedat hakimiyyəti saxtakarlıqla qazanıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar