Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçilib. Belə ki, üçüncü dövr səsvermədə hakim Ədalət və İnkişaf Partiyasının Antaliyadan olan millət vəkili Məmməd Əli Şahin 338 səslə qazanaraq TBMM-in sədri olub. ANS PRESS-in “CNNTÜRK”ə istinadən verdiyi məlumata görə, bununla da Məmməd Əli Şahin TBMM-nin 24-cü sədri olub. Səsvermədə TBMM-nin 518 millət vəkili iştirak edib və 338 səsi Ədalət və İnkişaf Partiyasından olan deputat qazanıb. Bu seçimlərdə iştirak edən namizədlərdən Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili İlhan Kəsici 103, Milliyyət Xalq Partiyasının Sakarya şəhərindən olan millət vəkili Münir Kutluata 66, müstəqil namizəd, Tuncelidən olan deputat Qəmər Gənc isə 1 səs toplayıb. Məlumata görə, 9 nəfər bitərəf qalıb, 1 səs isə etibarsız sayılıb.
Qeyd edək ki, M.Şahin TBMM-in yeni sədri kimi 2 il fəaliyyət göstərəcək.
M.Şahin 16 sentyabr 1950-cı ildə Karabükün Əkincik kəndində doğulub. İstanbul universitetinin Hüquq fakültəsini bitirən M. Şahin bir müddət sərbəst vəkillik edib. İstanbul Fateh Bələdiyyə başçısı olaraq vəzifəsini yerinə yetirən M.Şahin Ədalət və İnkişaf Partiyasının qurucularından biri olub. Evlidir, 4 övladı var.