Tatarıstanda batan gəmi barədə yeni təfərrüatlar üzə çıxıb
11 İyul 2011 Bazar Ertəsi 21:44
Məlum olub ki, "Bulqariya" gəmisinin üzmək üçün lisenziyası olmayıb.
Rusiya Federasiyasının Tatarıstan Respublikasında gəmi qəzasında ölən insanların meyitlərini tam olaraq sudan çıxarmaq mümkün olmayıb. Xilasedicilər bu saata qədər sudan 64 meyit çıxara biliblər. İndi əsas diqqət dalğıcların suyun altından gətirəcəyi xəbərə yönəlib. Çünki gəminin musiqi zalında çoxlu sayda uşağın qaldığı ehtimal olunur.
Volqa çayında batan “Bulqariya” gəmisində olan 53 nəfərin meyiti sudan çıxarılıb. Tatarıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gəminin göyərtəsində ümumilikdə 208 nəfər olub. Qəzanın baş verdiyi yerdə işləyən dalğıclar suyun dibində 110 meyitin olduğunu xəbər verirlər. Xilasedicilər cəmi 79 nəfərin həyatını xilas edə bilib.
Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib ki, müstəntiqlər batmış gəminin aid olduğu “Arqoreçtur” şirkətinin sənədlərini araşdırmağa başlayıblar. Hadisənin baş vermə səbəbi kimi bir neçə versiya da irəli sürüb.
“Artıq dəqiq müəyyənləşdirmişik ki, Kazan limanından aralanarkən gəminin sağ tərəfə doğru əyildiyi müşahidə olunub. Ehtimal olunur ki, qəzanın baş verməsinə məhz texniki nasazlıq səbəb olub. Amma təkrar edirəm, hazırda müstəntiqlər digər versiyaları da nəzərdən keçirirlər”, - deyə Vladimir Markin vurğulayıb.
Rusiya prezidenti Dmitri Medvedev isə gəmidə həlak olanların ruhuna ehtiram olaraq sabah bütün Rusiyada matəm elan edib. Medvedevin sədrliyi ilə keçirilən hökumətin təcili iclası da 1 dəqiqəlik sükutla başlanıb.
“Bunun niyə baş verdiyini dəqiqliklə aydınlaşdırmaq lazımdır. Niyə gəminin sahibi onu belə texniki vəziyyətdə istismar edib? Əgər orda hər hansısa pozuntular olması təsdiqlənsə, əlbəttə heyət üzvlərinin hərəkətlərinə qiymət verilməli olacaq”, - deyə Dmitri Medvedev qeyd edib.
Rusiya prezidenti hadisənin araşdırılması və günahkar şəxslərin cəzalandırılması üçün komissiya yaradılması haqda göstəriş verib.
Xatırladaq ki, 1955-ci ildə Çexoslavakiyada tikilən, “Arqoreçtur” şirkətinin icarəyə götürdüyü “Bulqariya” gəmisi iyulun onu gecə saatlarında Bolqar və Kazan şəhərləri arasında, Volqa çayında batıb.
Qeyd edək ki, hadisə yerində axtarış-xilasetmə işləri dayandırılmayacaq. Gecə saatlanda da axtarış aparılacaq. Lakin pis hava şəraitinə görə, dalğıclar çətinliklə üzləşiblər. 3 yerə bölünmüş gəminin yalnız bir hissəsinə baxış keçirilib. Prokurorluğun araşdırmaları yeni təfərrüatları ortaya çıxarıb. Məlum olub ki, Bulqariya gəmisinin üzmək üçün lisenziyası olmayıb. Faktla bağlı araşdırmalar gedir. AnSPRESS
DOSTLARINLA PAYLAŞ: