Tarik Əziz aclıq aksiyasına başlayıb
29 Oktyabr 2010 Cümə 23:30
Tarik Əziz qohumları ilə görüşə bilməməsinə etiraz edir.
İraqın ölüm hökmünə məhkum edilmiş keçmiş baş nazir müavini Tarik Əziz aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı “France Press” agentliyinə onun İordaniyanın paytaxtı Əmmanda yaşayan oğlu Ziyad Əziz verib: “Mənim atam və daha 25 məhkum dünəndən (cümə axşamından) aclıq elan ediblər”. Onun sözlərinə görə, Tarik Əziz bu addımı yaxınları ilə görüşə bilməyəcəyi barədə xəbəri alandan sonra atıb. Ziyad Əziz bildirib ki, xəstə atası qohumları ilə görüşü gözləyir və onlar özləri ilə dərman gətirməlidirlər.
Qeyd edək ki,İraqın Ali Cinayət Məhkəməsi oktyabrın 26-da Tarik Əzizi asılmaqla ölüm hökmünə məhkum edib. Məhkəmə onu 1982-ci ildə İraq diktatoruna qarşı baş tutmayan sui-qəsd cəhdindən sonra şiələrə qarşı divan tutmaqda təqsirli bilib. Qərardan 30 gün müddətinə şikayət verilə bilər.
Tarik Əziz uzun illər ərzində İraq hakimiyyətində əsas fiqurlardan biri olub. O, 2003-cü ilin aprelində könüllü surətdə ABŞ ordusuna təslim olub.
Dünyanın bir sıra ölkələri, eləcə də, BMT, Avropa Birliyi və Vatikan İraqın keçmiş baş nazir müavininə qarşı çıxarılmış ölüm hökmünü icra etməməyə çağırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: