Şvartseneqqer Avropa İttifaqının prezidenti olmaq istəyir?
21 Aprel 2011 Cümə Axşamı 13:19
Məşhur aktyor prezidentliyə namizədliyini irəli sürə bilər
Hollivud aktyoru, həmçinin ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqer Avropa İttifaqına (Aİ) növbəti prezident seçkisində öz namizədliyini irəli sürə bilər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şvartseneqqerin özü bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyini hələ müəyyən etməsə də, onun müşavirləri aktyora Avropaya qayıtmağı və Aİ-nin prezidenti vəzifəsi uğrunda mübarizə aparmağı tövsiyə edirlər.

“Newsweek” jurnalı yazır ki, Şvartseneqqerin katibliyinin rəhbəri Terri Temminenin məlumatına görə, Avropa İttifaqı rəhbərliyi prezident vəzifəsinə bütün Avropa ölkələrini birləşdirə biləcək dünyada daha nüfuzlu və məşhur adam tapmağa səy göstərir.

“Fransalılar Aİ prezidentinin alman olması ilə razılaşmayacaqlar, almanlar isə italyana qarşı olacaqlar. Görəsən onlar Avropada doğulan, ABŞ-da uğur qazanan, eyni zamanda birləşmiş Avropa üçün Corc Vaşinqton və ya Tomas Cefferson olmaq üçün vətəninə qayıda biləcək insan haqqında nə deyərlər?”, - deyə Tamminen bildirib.

Qeyd edək ki, hazırda Avropa İttifaqının prezidenti Herman van Rompeydir. Arnold Şvartseneqqer isə bu gün ABŞ-ın siyasi arenasında həm məşhur siyasətçi, həm də tanınmış kinoaktyor kimi çıxış edən nadir insandır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar