Suriyada üsyançılar aviabaza və SES ələ keçirdilər
12 Fevral 2013 Çərşənbə Axşamı 15:47
Aviabazaya hücumda xeyli ölən və yaralanan var.
Suriyada üsyançılar ölkənin ən böyük su-elektrik stansiyasını ələ keçirdiklərini bəyan ediblər. Üsyançıların "YouTube" video-portalında yerləşdirdikləri videoyazı da bunu sübut edir. Videoda deyilir ki, Fərat çayı üzərində yerləşən "Əl-Fərat" su-elektrik stansiyası tamamilə üsyançıların nəzarəti altına keçib. Stansiyanın ələ keçirilməsi istiqamətində döyüşlər bir neçə gün davam edib və Suriya silahlı qüvvələrinin bir diviziyası üsyançılara qarşı dursa da, geri çəkilməli olub.
Bununla da, Suriyanın ən böyük iki su-elektrik stansiyası müxalifət qüvvələrinin əlindədir. Xatırladaq ki, üsyançılar 2012-ci ilin noyabrında "Tişrin" su-elektrik stansiyasını ələ keçirmişdilər. İki stansiyanın birlikdə gücü 1500 meqavatt təşkil edir.
Bu arada, üsyançıların Hələb şəhərində hərbi hava limanını ələ keçirdikləri barədə də xəbər yayılıb. Ölkənin şimalında yerləşən ən mühüm strateji əhəmiyyətli "Car" aviabazasının ələ keçirilməsi itkisiz ötüşməyib. Aviabazaya hücum zamanı ümumilikdə 40-a yaxın hərbçinin öldürüldüyü, yaralandığı və girov götürüldüyü bildirilir. Hökumət qüvvələri bir neçə hərbi təyyarəni və xeyli sayda silah-sursatı aeroportda qoyaraq, oranı tərk edib.
Bundan başqa, paytaxt Dəməşqin cənub-şərqində də üsyançılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər davam edir.
DOSTLARINLA PAYLAŞ: