Suriyada qanlı bayram: 27 ölü
07 Noyabr 2011 Bazar Ertəsi 11:42
Qurban bayramı qanlı insidentsiz ötüşməyib.
Suriyada Qurban bayramı da qanlı insidentsiz ötüşməyib. Ötən gün anti-hökumət nümayişçiləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma zamanı 27 nəfər ölüb. Suriya insan haqları müdafiəçiləri ölənlərin əksəriyyətinin Homs şəhərinin sakinləri olduğunu bildirirlər. Belə ki, 16 nəfər Homs şəhərininin Babo Amr məhəlləsində iğtişaşlar və yaşayış məntəqələrinə tanklardan atəş açılması nəticəsində öldürülüb. Üç nəfər Hama şəhərində, 2 nəfər İdlibdə, bir neçə nəfər Lattakiya və Dumada öldürülüb, daha bir neçə nəfərin də yaralandığı bildirilir. Qurban bayramı günü anti-hökumət nümayişləri Dəraa və Hələb şəhərlərində də keçirilib.

Paytaxt Dəməşqdə də Bəşər Əsəd rejiminə qarşı kütləvi nümayişlər keçirilib. Təhlükəsizlik qüvvələri nümayişləri dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edərək, havaya xəbərdarlıq atəşi açıb. Burada təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində 5 nəfər yaralanıb. Bundan başqa, Kafar Sussey məhəlləsində 70 nümayişçinin polis tərəfindən saxlanıldığı bildirilir.

İğtişaşlar Suriya hökumətinin yaşayış məntəqələrindən tankları geri çəkəcəyinə dair söz vəd verməsinə baxmayaraq, davam edir. Suriya rəhbərliyi Ərəb Ölkələri Liqasının vəziyyətin sülh yolu ilə həll edilməsinə dair şərtlərini qəbul etdiyini bəyan etsə də, anti-hökumət nümayişçilərinə hələ də odlu silahdan atəş açılır. Ərəb Ölkələri Liqasının xarici işlər nazirləri bu şənbə yenidən bir araya gələrək, Suriyadakı vəziyyəti müzakirə edəcəklər. Görüşün nəticəsi olaraq, Suriyanın Ərəb Ölkələri Liqasına üzvlüyünə son qoyulacağı istisna edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar