Suriyada prezident seçkiləri
04 İyun 2014 Çərşənbə 16:22
Prezident seçkilərində kimin qalib gələcəyi əvvəlcədən məlumdur.
Suriyada keçirilən prezident seçkisində kimin qalib gəldiyi hələ ki bəlli deyil.
ANS TV-nin məlumatına görə, ötən gün keçirilən prezident seçkisi üçün təyin edilən vaxt 5 saat artırıldığından bu gün verilən səslərin sayılma prosesi hələ ki davam edir. Proses bitməsə də böyük əksəriyyət Bəşər Əsədin yenidən prezident seçiləcəyinə əmindir. Bunun üçün minlərlə insan hökumətin nəzarətində olan şəhərlərdə və kəndlərdə Bəşər Əsədə səs verərək, onun növbəti yeddi illik mandatına dəstək olmağa çalışıb. Hətta onun bəzi tərəfdarları seçki məntəqələrində pərdə arxasında deyil, kameralar önündə səs verməklə, barmaqlarını boyaya batırmaq əvəzinə, sadiqlik nümayiş etdirməklə büllitenlərə qan izlərini də qoyublar.
Dünən xanımı Əsəma Əsədlə çox sakit tərzdə seçki məntəqəsinə gələn Bəşər Əsəd və digər iki namizəd sanki ölkədə müharibə getmir təssüratını yaradıblar.
Buna görə də dünya siyasiləri bu seçkini çox maraqlı bir teatr səhnəsi adlandırdılar.
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmisi Marie Harf hesab edir ki, reallıqdan uzaq olan, bu seçkilərlə Əsəd Rejimi zorakı repressiyalar üzərində qurulmuş “40 illik ailə irsi”ni davam etdirmiş olub.
Hökümətlə atəşkəs razılaşmasından sonra yüzlərlə üsyançının tərk etdiyi Suriyanın 3-cü ən iri şəhəri olan Homsda da Bəşərə Əsədin namizədliyini dəstəkləyənlər seçki məntəqələrinin qarşısında uzun növbələr yaradıb.
Seçki prosesinə etirazını bildirən üsyançılar müxtəlif bölgələri havadan bombalayıb. Xeyli sakin əşyalarını toplayaraq, iri yük maşınlarında şəhər hüdudlarını tərk edib. Hələbdə çəkilmiş həvəskar görüntüdə isə helikopterin məscid yaxınlığında yerə mərmilər buraxdığını da görmək olur.
DOSTLARINLA PAYLAŞ: