Vətəndaş müharibəsinin miqyası getdikcə genişlənir.
Suriyada ayrı-ayrı şəhərlər uğrunda hökumət qüvvələri və “Azad Suriya” ordusu arasında gedən qanlı döyüşlər yenidən şiddətlənib. Xüms və Dərəzor şəhərlərində lentə alınan son həvəskar kadrlar faciənin miqyasının getdikcə genişləndiyini təsdiqləyir.
Bununla bağlı Brüsseldə bir araya gələn Avropa Birliyinin xarici işlər nazirləri münaqişə tərəflərini dialoqa çağırıblar. Toplantıda Suriyanın gələcəyi və mövcud münaqişənin həlli yolları müzakirə edilib. Müzakirələr BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Laktar İbrahiminin iştirakı ilə aparılıb.
Laktar İbrahimi Suriyadakı vəziyyəti bir neçə il əvvəl Somalidə baş verən vətəndaş müharibəsi ilə müqaiysə edib: “Suriya münaqişəsi siyasi anlaşma və sülh yolu ilə öz həllini tapmalıdır. Biz bunun üçün çalışırıq. Ölkədəki son vəziyyət bir neçə il əvvəl Somalidə yaşananları xatırladır”.
Avropalı nazirlər Bəşər Əsəd rejiminə təzyiqlər göstərilməsini vacib sayıblar, eyni zamanda, müxalifət qüvvələrini dialoqa səsləyiblər. Lakin Suriyadakı vəziyyət bunun əksini göstərir.