Suriyada daha bir qanlı gün
22 Oktyabr 2011 Şənbə 11:49
Ötən günki nümayişlərdə öldürülənlərin sayı artıb.
Ötən gün Suriyada daha bir qanlı gün yaşanıb. Müxtəlif şəhərlərdə cümə namazından sonra nümayiş keçirənlərə müxtəlif kalibrli silahlardan atəş açılıb. Homs regionunun Baba Amr şəhəri Suriya ordusu tərəfindən bombalanıb.
İnsan haqları müdafiəçiləri ötən gün baş verən nümayişlərdə ölənlərin sayının 30-a çatdığını iddia edirlər. Onlardan 19-unun Homs regionunda, 3-ünün Hama şəhərində, qalanlarının isə Dəməşq yaxınlığındakı Saqba ərazisində və İdlib şəhərində öldürüldüyü bildirilir. Zirehli maşınlardan yaşayış evlərinə atəş açıldığı qeyd edilir. Şəhərdə çəkilmiş həvəskar kadrlardan buranın çox hissəsinin dağıldığı görünür.
İdlib şəhərində hərbi qüvvələrin evlərdə reyd keçirdikləri, həbs edilənlər arasında 3 yeniyetmənin də olduğu bildirilib. Dəməşq yaxınlığındakı Ərbin rayonunda isə "Azadlıq Meydanı"na toplaşan sabiq hərbçilərlə təhlükəsizlik qüvvələri arasında atışma olub, ölən yaxud yaralananlar barədə məlumat yoxdur.
Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə nümayişlərdə «Qəddafinin işi bitdi, indi növbə sənindir, Bəşər!» kimi şüarlar səsləndirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: