Suriyada 20 nəfər öldürülüb
01 May 2012 Çərşənbə Axşamı 10:11
BMT baş katibi Dəməşq və İdlibdəki partlayışları pisləyib
Suriyada sülh planı əsasında silahsız müşahidəçilərin monitorinqləri davam etdiyi arada müxtəlif əyalətlərdə hökümət qüvvələrinin hücumları davam edib. Yerli Kordinasiya Komitələri İdlib, Homs, Deyr Əz Zor, Dəra və Dəməşq şəhərlərində hökümət qüvvələrinin azı 20 nəfəri qətlə yetirdiyini xəbər verir. İdlibdə silahsız insanlara atəş açmaq əmrinə tabe olmamış Məcid Sübh adlı əsgərin ordu tərəfindən qətlə yetirildiyi bildirilir.

Müxalifyönlü qurumun gündəlik hesabatında Hələb şəhərində Hayan adlı qəsəbənin ardıcıl 4-cü gün artileriya bombardımanına məruz qaldığı göstərilir. Dəməşqin Əl-Qabun rayonunda təhlükəsizlik qüvvələri etirazçı fəalları həbs etmək üçün evlərə reydlər keçirib. Bundan başqa adı çəkilən rayonda tətil edən satış obyektlərinə basqınların edildiyi, hökümət əleyhinə şüarların yazıldığı divarların dağıdıldığı bildirilir. Dəməşqin Kəfir Suza qəsəbəsində təhlükəsizlik qüvvələri yas mərasimində iştirak edən insanların üzərinə gözyaşardıcı qaz buraxıb, eyni zamanda izdihama odlu silahdan atəş açıldığı xəbər verilir.

Suriya İnqilab Şurası isə Bəşər Əsədə sadiq ordunun Türkiyənin Öncüpinar qaçqın düşərgəsinə artileriya zərbəsi endirdiyi xəbərini yayıb. Türkiyə höküməti ötən ayı milli təhlükəsizliyin qorunması üçün Suriyaya qarşı güc tətbiq etməyi hədələsə də, Rəsmi Ankara hələlik məlumatın doğruluğunu təsdiq etməyib.

Bu arada BMT baş katibi Ban ki Mun, Dəməşq və İdli şəhərlərində terrorçuların törətdiyi partlayışları kəskin pisləyən bəyanat verib. Baş katib yazılı hesabatında monitorinqlərin aparıldığı ərazilərdə təhlükəsizlik baxımından müəyyən irəliləyişlərin əldə edildiyini qeyd etsə də, Suriyada davam etməkdə olan zorakılıqdan çox narahat olduğunu vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar