Suriyada 100 min adam öldürülüb
27 İyun 2013 Cümə Axşamı 04:24
Onların 18 minini rəqib, 40 minini isə Əsəd döyüşçüləri təşkil edir.
Suriya Insan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, 2011-ci ilin mart ayından bəri Suriyada 100 mindən artıq insan həlak olub. Onların 18 minini rəqib, 40 minini isə Əsəd döyüşçüləri təşkil edir. Bu ayın əvvəlində BMT 93 min insanın həlak olduğunu buldirmişdi.
Bu arada, İordaniya kralı Abdulla Suriya münaqişəsinin regional təriqət müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq verib. Kral böhranın həllinin ən yaxşı yolunun siyasi yol olduğunu bildirib.
ABŞ dövlət katibi Con Kerri Küveytdə dayandıqdan sonra İordaniyaya səfər etməlidir.
Dünən o, Səudiyyə Ərəbistanında idi. Con Kerri ölkə rəsmiləri ilə Suriyada vəziyyət daxil edilməklə, bir sıra məsələləri müzakirə edib. O, Suriya böhranının həllinin ən yaxşı yolunun müzakirələr olduğunu bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl Feysəl deyib ki, beynəlxalq ictimaiyyət İran və Hizbullahın Suriya hökumətinə dayaq olmasına yol verməməlidir.
Şahzadə Tehranın böhrana müdaxiləsini təhlükəli adlandıraraq, Səudiyyə Ərəbistanının buna səssiz qalmayacağını deyib. O, bu sözləri Con Kerri ilə birgə mətbuat konfransında deyib.
Amerika və Səudiyyə Ərəbistanı şənbə günü görüş keçirən “Suriyanın dostları” qrupunun üzvüdür. Qrup Suriya müxalifətinə əlavə yardım göstərilməsi barədə qərar qəbul edib.
DOSTLARINLA PAYLAŞ: