Suriya prezidenti hakim partiyasının iclasında çıxış edib
18 Avqust 2011 Cümə Axşamı 09:57
Bəşər Əsəd BMT baş katibinə hərbi əməliyyatların dayandırıldığını bildirib
Suriya prezidenti Bəşər Əsəd hakim Bəəs partiyasının iclasında çıxış edib. Suriya dövlət televiziyası iclasın görüntüsünü yayımlayıb. Bəşər Əsəd çıxışında ölkəsinin şərəf və suverenliyində güzəştə getməyəcəklərini bəyan edib. O, eyni zamanda ölkədə islahatlar prosesində ictimaiyyətin müxtəlif nümayəndələrinin də iştirakının vacibliyini qeyd edib. Onun sözlərinə görə islahatlar proqramı beynəlxalq ictimaiyyətin tələbi və xarici qüvvələrin təzyiqləri ilə başlamayıb.
Bu arada BMT-nin Suriyadakı yardımçı personalının 26 əcnəbi əməkdaşı bu ölkəni tərk edib. BMT-nin Livan üzrə nümayəndəsi Maykl Uilyams Latakiya şəhərindəki vəziyyətə ciddi narahatlığını ifadə edib.
BMT baş katibi Ban Ki-mun və Suriya prezidenti arasında isə telefon danışığı olub. Ban Ki-mun Suriyada insan haqlarının pozulması hallarına dərin narahatlıq ifadə edib, əməliyyatların və kütləvi həbslərin dərhal dayandırılmasını tələb edib. Bəşər Əsəd isə Ban Ki-muna Suriyada hərbi əməliyyatların dayandırıldığını bildirib.
DOSTLARINLA PAYLAŞ: