Britaniya hökümətinin müvafiq təşəbbüsünü ölkə müxalifəti ciddi tənqid edib.
Böyük Britaniya Suriya müxalifətinə hərbi dəstək vermək istəyir. Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizəni artırmaq üçün rəsmi London Suriya müxalifətinə hərbi texnika göndərməyi planlaşdırır.
Britaniyanın Xarici İşlər Naziri Vilyam Heqin sözlərinə görə, bu qərar Suriyada uzun müddətdir davam edən “dözülməz insan əzablarına” verilən çox “zəruri, müvafiq və qanuni” bir cavabdır. Britaniya dövlətinin bu qərarı həm beynəlxalq miqyasda, həm də elə Britaniyanın özündə birmənalı qarşılanmayıb. Sadə ingilislər arasında aparılan sorğu zamanı əksər vətəndaşların bu qərarın əleyhinə olduğu bəlli olub.
Britaniya hökümətinin bu qərarını ölkə müxalifəti də ciddi tənqid edir. Suriya qiyamçılarını dəstəkləməyi “qəbuledilməz” hərəkət kimi dəyərləndirən Britaniya İşçi Partiyasının və eləcə də Britaniya Parlamentinin üzvü, Peter Hain, hökümətin qərarını diplomatiyada “möhtəşəm uğursuzluq” adlandırıb. Bir sıra parlament üzvləri bu qərar haqqında narahatçılıqlarını dilə gətirərkən, əsas təhlükənin göndərilən hərbi avadanlığın ekstremist qrupların əlinə keçməsi olduğunu bildiriblər.
Qeyd edək ki, Suriyada siyasi böhran başlayandan bəri, yəni təxminən 2 il ərzində 70 min insan həlak olub, 1 milyona yaxın suriyalı isə öz evlərini tərk etməli olublar.