Suriya müxalifəti ölkədə “Şəhidlər həftəsi” elan edib
05 Aprel 2011 Çərşənbə Axşamı 15:54
Cümə günü ən böyük nümayiş planlaşdırılıb
Suriyada 'şəhidlər həftəsi' elan edən müxalifət ölkədə kütləvi etirazları davam etdirməyə çağırıb. Müxalifət nümayəndələri öz tərəfdarlarına bu gün paytaxt Dəməşqdə daxili işlər nazirliyinin binası önündə toplaşmaqla bağlı çağırış edib. Həmçinin bu gün Duma regionunda etirazçılar küçələrə çıxıblar.
Ötən gün isə paytaxt Dəməşq ətrafındakı Qabbun şəhərində islahatlar tərəfdarlarının növbəti aksiya cəhdinin qarşısı alınıb. Polis aksiyanı dağıdıb. Bir neçə nəfərin həbs olunduğu bildirilir. Hökumət mənbələri isə qarışıqlıqla bağlı heç bir məlumat yaymır.
'Şəhidlər həftəsi' çərçivəsində çoxsaylı dinc etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Müxalifət cümə axşamı hakim 'Bəəs' partiyasının qərargahı qarşısında, cümə günü isə bir neçə şəhərdə daha böyük nümayişlər keçirməyə hazırlaşır.
Feysbuk sosial şəbəkəsində 'Suriya inqilabı 2011' adlı qrup yaradılıb, qrupa artıq 100 minədək insan qoşulub.
Bu arada, Suriya prezidenti Bəşər Əsəd Deraa vilayətinə yeni qubernator təyin edib. Məhz Deraa bölgəsində ilk anti-hökumət nümayişləri başlayıb, daha sonra etiraz dalğası digər şəhərlərə də yayılıb. Suriya hökuməti ölkədə 1963-cü ildə tətbiq edilən fövqəladə vəziyyətin ləğvi üzərində də düşünür. Bu həftə müxalifətin təzyiqi ilə yeni qanunun qəbul ediləcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə sabah Suriyaya gedir. Onun Suriya prezidenti Bəşər Əsədlə görüşü nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: