Sultan Alparslanın məzarı tapılıb
16 Dekabr 2009 Çərşənbə 15:26
Türk Tarix Qurumunun keçmiş sədri, professor Yusuf Halaçoğlu böyük türk hökmdarı, Səlcuq sultanı Alparslanın 937 ildir yeri bəlli olmayan məzarını tapdığını bəyan edib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Y. Halaçoğlu sultanın məzarının Türkmənistanın qədim Mərv şəhərində olduğunu açıqlayıb. (Qədim Mərvin xarabalıqları hazırda Türkmənistanın Marı vilayətində, Bayram-Əli şəhərinin yaxınlığındadır). Tarixçi məzarın yerini dəqiq təsvir etmək istəməyib: “Yerini indi açıqlamaq istəmirəm, talan edərlər. Məzarın aşkarlanması dünyanı yerindən oynadacaq”.

Y. Halaçoğlu bütün arxivlərdə, o cümlədən Türkmənistanda araşdırma apardığını açıqlayıb: “Sultan Alparslanın vəsiyyəti ilə onu atası Çağrı bəyin məzarının olduğu Mərv bölgəsində dəfn ediblər. Mənbələrdə əksini tapsa da, indiyə qədər heç kim məzarın yerini tapa bilməyib. Amma mən Çağrı bəyin məzarının olduğu yerdə araşdırma apararaq Alparslanın dəfn olunduğu yeri təxminən müəyyən etdim. Ərazinin fotoşəklini çəkmişəm. Oradakı kərpicləri də yoxladım. İndi Türkiyədəki araşdırma mərkəzlərindən yerin altını göstərən cihaz alacağıq. Həmin cihazla yalnız iki bölgədə araşdırma aparacağıq. Məlum olduğu kimi, türk sultanları qılınc və qalxanla dəfn olunurdu. Bunun əsasında məzarın yerini dəqiq müəyyən edəcəyik”.

Y. Halaçoğlu gələn ilin yazından sonra qazıntı işlərinə başlana biləcəyini, bunun üçün Türkiyə Xarici İşlər Nazirliyi ilə Türkmənistan hökuməti arasında protokol imzalanmasını gözlədiklərini söyləyib. Artıq Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri İsmət Yılmaz və Türk Tarix Qurumunun sədri Əli Birinci Türkmənistana səfər edərək bununla bağlı danışıqlar aparıblar. Sultan Alparslanın məzarının olduğu yerdə böyük türbə tikilməsi planlaşdırılır.

Qeyd edək ki, türk və dünya tarixinin ən böyük sərkərdələrindən biri olan Alparslan (əsl adı - Məhəmməd) səlcuq türklərinin ikinci sultanıdır. Tarixi mənbələrdə 1020-ci ildə dünyaya gəldiyi və 1072-ci ildə vəfat etdiyi göstərilir. 1071-ci ildə məşhur Malazgirt savaşında Şərqi Roma İmperiyasının imperatoru Romen Diogenin ordusunu məğlub edərək türklərə Anadolunun – müasir Türkiyənin qapılarını açıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar