Sudan islamçılarının lideri həbs edilib
18 Yanvar 2011 Çərşənbə Axşamı 03:00
Sudan islamçılarının lideri inqilaba çağırışda ittiham olunur.
Sudan hakimiyyəti ölkənin islamçı müxalifətinin lideri Həsən əl Turabini yarım illik azadlıqdan sonra yenidən həbs edib. Məlumatı “Röyter” agentliyi siyasətçinin nümayəndələrinə istinadən yayıb. Həsən əl Turabi Sudanın cənubundakı qiyamçı hərəkatla sövdələşmə ittihamı ilə dəfələrlə həbsdə olub.

Sudan islamçılarının liderinin katibi Avad Babakir bildirib ki, xüsusi xidmət orqanlarının bir neçə avtomobili gəlib və Həsən əl Turabini aparıb. İslamçı müxalifətin liderinin həbsi onun rəhbərlik etdiyi hərəkatın ölkədə qiymət artımı ilə bağlı siyasət dəyişməsə əhalini xalq inqilabına çağırmasından bir neçə gün sonraya təsadüf edib.

Həsən əl Turabi sonuncu dəfə 2010-cu ilin mayında həbs edilib və həmin ilin iyulunda azadlığa buraxılıb. O, 90-cı illərdə Sduan hökumətində yüksək vəzifələr tutub. Prezident Ömər əl Bəşirlə fikir ayrılıqları ilə əlaqədar Həsən əl Turabi 1999-cu ildə istefaya göndərilib və müxalifətə keçib. Bundan sonra o dövlət çevrilişinə cəhddə və Sudanın cənubundakı qiyamçı hərəkatla sövdələşmədə ittiham olunaraq dəfələrlə həbs edilib, yada ev dustağına çevrilib.

Yanvarın 9-15-də Cənubi Sudanda müstəqillik referendumu keçirilib və yekun nəticələr fevralın ortalarında elan edilməlidir. İlkin məlumatlara görə, cənubluların əksəriyyəti bölgənin müstəqilliyinə səs verib. Ümumxalq səsverməsinin nəticələri müəyyən edildikdən sonra Sudanda 2011-ci ilin iyulunadək keçid dövrü başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar