Soydaşımızın meyitini separatçılar verməyib
08 Avqust 2014 Cümə 18:45
Rövşən Qasımov separatçıların nəzarətində olan Snejnoye şəhərində dəfn olunub.
Ukraynanın Luqansk vilayətində öldürülən Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımovun meyitini separatçıların nəzarətindəki ərazidən çıxarmaq mümkün olmayıb və o, Snejnoye şəhərində dəfn olunub. R. Qasımovun bacısı oğlu Təbriz Ələkbərov açıqlamasında bildirib ki, hadisə baş verən gün dayısının evinə separatçılar tərəfindən basqın edilib.

T. Ələkbərov deyib ki, basqın zamanı Rövşən Qasımovun evində oğlu və həyat yoldaşı ilə bərabər qardaşı və onun həyat yoldaşı da olub: “Axşam tərəfi qəflətən bir neçə maşınla evə basqın olub. Atışma düşüb və evdəkilərin hərəsi bir tərəfə qaçıb. Separatçılar evi qarət edərək dağıdıblar. Sonra dayımın arxasınca düşüb Krasnıy Luçun girişində onun avtomobilini qumbaraatanla vurublar. Səhəri gün onun pis hala düşən meyitini Snejnoye şəhəri ətrafındakı evinin həyətinə atıblar. Ailəsi də oradadır. Həmin ərazi separatçıların nəzarətində olduğu üçün onlar kənara çıxa bilməyiblər və meyiti də çıxara bilməyiblər. Meyiti müvəqqəti olaraq orada basdırıblar”.

Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi Şahin Ocaqov açıqlamasında bildirib ki, bu hadisə diqqət mərkəzindədir: “Həmin ərazi qarşı tərəfin nəzarətindədir deyə, faktiki müdaxilə mümkün deyil. Amma onun ailəsinin və meyitinin oradan çıxarılması üçün mümkün olan qədər iş aparılır”.

Qeyd edək ki, Rövşən Qasımov avqustun 4-də axşam separatçılar tərəfindən öldürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar