Somali höküməti Afrika İttifaqından olan sülhməramlıların köməyi ilə Moqadişo şəhərində "Aş-Şabaab" qruplaşmasının 40-a yaxın üzvünü öldürüb. Bu barədə Röyter agentliyi Somali rəhbərliyinə istinadən məlumat yayıb.
Əməliyyatda iştirak edən parlamentari Salad Ali Cele (Salad Ali Jelle) bildirib ki, onlar mübarizələrini davam etdirirlər.
Xatırladaq ki, 2006-cı ildən başlayaraq 2007-ci ilin yanvar ayınadək Somalidə ordu ilə silahlı qruplaşmalar arasında qızğın döyüşlər gedib. Özlərini "islamçı" adlandıran silahlılar Moqadişo da daxil olmaqla ölkənin böyük bir hissəsinə nəzarət edirdilər. İndi onlar partizan mübarizəsi aparır və əcnəbiləri girov götürməklə məşğuldurlar.
Qeyd edək ki, uzun müddət davam edən döyüşlərdə mindən artıq dinc əhali həlak olub.
Xatırladaq ki, Somali 1991-ci ildən Siad Barrenin diktator rejimi dağıldıqdan sonra vahid dövlət kimi mövcud olmayıb. /ANSPRESS/