Somali dəniz quldurları Qırmızı dənizdə Honkonq bayrağı altında üzən "Kenq Lonq" adlı gəmini ələ keçirməyə cəhd ediblər. Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb.
Avtomat, pulemyot və minaatanlarla silahlanmış quldurlar gəmiyə üç qayıq ilə yanaşmaq istəyiblər. Gəmi manevr etməyə başlayıb və heyət hücumcuların üzərinə yanğınsöndürən borular vasitəsi ilə su vurub. 15 dəqiqəlik mübarizədən sonra quldurlar qaçmağa vadar olublar.
Qeyd edək ki, 2008-ci ildən Somali sahillərindən keçən gəmilərə quldurların hücumu kəskin artıb. Ötən ilin yayında BMT Ədən körfəzində xarici dövlətlərə quldurlara qarşı hərbi əməliyyatlar aparmağa icazə verib. Bundan sonra Rusiya, Avropa Şurası, NATO və başqa ölkələrin gəmiləri Somali sahillərinə göndərilib. Lakin, dəniz quldurları ilə mübarizə aparmaq hələ ki mümkün olmayıb. /ANS PRESS/