"Siyasi şimşək" olmayacaq
28 Fevral 2010 Bazar 20:50
Lakin bu o demək deyil ki, Rusiya geri çəkiləcək
Qonşu Gürсüstanda siyasi gərginlik yenidən arta bilər. Sabiq baş nazir Zurab Noqaidelinin üsyan planı qüvvədə qalır. Belə ki, Rusiyaya meylli qüvvələr Tiflis merinin seçkilərindən istifadə edərək nəyin bahasına olursa-olsun hakimiyyəti dəyişməyi planlaşdırır. Maraqlıdır ki, Zurab Noqaideli ilə müxalifət lideri Georgi Qaçeçiladze həmrəydir. Bu yaxınlarda Qaçeçiladzenin "Gürсüstanda siyasi şimşək gözlənilir" ifadəsi onun Noqaideli ilə eyni mövqedən çıxış etdiyini göstərir.
Doğrudur, indiki mərhələdə onların maraqları üst-üstə düşür. Lakin məqsədləri şübhəsiz ki, fərqlidir. Qaçeçiladzenin Rusiyanın planına dəstək verib hakimiyyətə Kremlin adamının gətirilməsinə dəstək verəcəyi inandırıcı deyil. Lakin buna rəğmən Moskvanın planına ilkin mərhələdə dəstək verməsi də onun məsuliyyətdən yaxa qutara biləcəyi anlamına gəlməməlidir.
Maraqlıdır ki, Saakaşvili komandası müxalifət daxilində gedən proseslərə güclü təsir göstərə bilməsə də, müəyyən işlər görməkdədir. Tiflis meri postuna əsas namizədlərdən biri olan İrakli Alasaniyanın "Gürcüstan naminə alyans"a qayıtması Noqaideli komandasına böyük zərbə oldu. Bu gün Tiflisdə Respublika Partiyasının ofisində keçirilən müşavirədə qəbul edilən qərara görə, Alasaniya "Gürcüstan naminə alyans"la birgə siyasi mübarizəni davam etdirəcək və Noqaidelidən uzaqlaşmaq istəyən bütün qüvvələrlə əməkdaşlıq edəcək.
Bu isə Gürcüstanda Rusiyaya meylli qüvvələrə daha bir zərbədir. Başqa cür desək, Qərb Rusiyanı bu məsələdə yenə üstələyə bildi. Ancaq bu o demək deyil ki, mer seçkilərindən ara qarışdırmaq üçün müəyyən qüvvələr istifadə etməyəcək. Onlar öz planlarını bütün hallarda gerçəkləşdirməyə çalışacaq. Fərq yalnız onda olacaq ki, bu, istənilən effekti verməyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: