Şimali Qafqaz qaynayır
17 Avqust 2009 Bazar Ertəsi 20:20
Politoloqların bunun dolayısı ilə Azərbaycana da təsir edəcəyini güman edirlər

 

Şimali Qafqaz artıq qaynar qazanı xatırladır. Sanki orada cərayan edən siyasi hadisələrə mərkəzi hakimiyyət tam olaraq nəzarəti itirib. Bu gün Nazranda baş verən partlayış, ötən gün Dağıstanda dəmir yoluna qoyulan partlayıcı maddənin tapılması, daha əvvəllər isə Çeçenistanda, İnquşetiyada və sadalamaqla bitməyən Şimali Qafqaz regionlarında baş verən olaylar bütün bunlara birmənalı sübutdur.

Bu səbəbdən də bu gün bir çoxlarını bir sual düşündürür: Görəsən, Şimali Qafqazda nə baş verir? Təbii ki, belə bir sual meydana çıxır. Görəsən, orada baş verənlər ölkəmizə təsir edə bilərmi? Təsir edəcəksə, nə cür təsir edəcək? Daha dərindən düşündükdə isə sual yaranır ki, oradakı özbaşınalığın nəticəsi Rusiyanın Şimali Qafqazın itirməsinə gətirib çıxara bilərmi? Məhz bu sualların cavabını tapmaq üçün ANS PRESS politoloqlara müraciət edib.

Qafqazda xaos yarana bilər

Politoloq Rasim Musabəyov ANS PRESS-ə bildirib ki, Şimali Qafqazda vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir. Onun sözlərinə görə, hazırda orada baş verənlər sosial gərginlikdən irəli gəlir və rüşvətxor hakimiyyət klanlarının davasına dini və ekstremist cavablardan doğur. Musabəyovun qənaətincə, Şimali Qafqazda baş verənlər dolayısı ilə Azərbaycana da təsir edə bilər: "Azərbaycanın Rusiya ilə ticari dövriyyə əlaqələri var. Dövlətimizin bu ölkəyə idxalı 98 faiz təşkil edir və Azərbaycan Rusiyanın birinci ticarət kompanyonudur. Bu səbəbdən birmənalı olaraq orada baş verənlər bizim ölkəmizə də təsirsiz ötüşməyəcək".

Baş verən hadisələr fonunda Rusiyanın Şimali Qafqazı itirəcəyinin inandırıcı olmadığını deyən Musabəyov rəsmi Moskvanın bu regiona nəzarəti tam olaraq saxlayacağını bildirib: "Rusiya Şimali Qafqazda nəzarətini bir qədər zəiflədərsə, orada xaos da yarana bilər"

Qafqazdakı terror Azərbaycana keçə bilər

Politoloq Hikmət Hacızadə də ANS PRESS-ə bildirib ki, Şimali Qafqazda baş verən son hadisələr terrorun aktivləşməsi ilə bağlıdır. O da hazırda baş verən hadisələrin ölkəmizə də təsir edə biləcəyini düşünür: "Şimalda baş verən terror hadisələri Azərbaycanın sərhədlərini də gec-tez aşa bilər. Çünki Rusiya ilə Azərbaycan qonşu dövlətlərdir".

Bu hadisələrin Rusiyanın Qafqazı itirməsinə gətirib çıxara biləcəyinə gəldikdə isə politoloq bununla bağlı birmənalı cavab verə bilməyəcəyini bildirib. Amma o düşünür ki, bu, baş verərsə, Rusiya üçün uzun müddət ağrılı olacaq.


Problemlər ört-basdır edilir

Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə öz növbəsində ANS PRESS-ə bildirib ki, ümumlikdə Qafqazdakı bütün problemlər öz həllini tapmaq üzrədir. Onun sözlərinə görə, artıq Qarabağ problemi də həll edilməkdədir: "Bəzi hallarda Şimali Qafqazdakı problemlər gizlədilir, ört-basdır edilir. Rusiyanın Şiamli Qafqazdakı siyasəti düzgün deyil. Bunun üçün ilk növbədə orada yaşayan azsaylı xalqların milli, mədəni xüsusiyyətləri öyrənilməli, onlar nəzərə alınmalıdır.

Amma millət vəkili bunun region tam nəzarətsiz qalması demək olmadığını düşünür. Onun sözlərinə görə, Rusiya hökuməti də müəyyən işlər görür: "Lakin görünür, onların bu istiqamətdə səyləri kifayət qədər deyil. Yaxud görülən işlər tam yetmir, hələ də xeyli işlər görülməlidir. Amma bununla belə düşünürəm ki, bu problem də öz həllini tapacaq".

Aydın Mirzəzadə həmkarlarından fərqli olaraq düşünür ki, qonşu dövlətdə baş verənlər bizim ölkəmizə təsir edə bilməz. Çünki Azərbaycanın bütün ərazisi tam olaraq nəzarət altındadır.

Rusiyanın Şimalı itirməsi məsələsinə gəldikdə isə parlamentari deyir ki, bu da mümkün deyil. Onun sözlərinə görə, Rusiya hökuməti də bu məsələlərlə bağlı bizim bilmədiyimiz tədbirləri görür: "Biz hələ bilmirik Rusiyanın Qafqazla bağlı hansı tədbirlər görəcək. Bu səbəbdən də tam əminəm ki, orada baş verənlər sonunda nəticəsiz qalmayacaq".

Aqşin Rafiqoğlu /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar