Şimali Koreyada ali məktəblər bağlanır
29 İyun 2011 Çərşənbə 04:02
Gələn ilin aprel ayına qədər ali məktəb tələbələri ölkənin fabrik, tarla və inşaatlarında işlədiləcək.
Şimali Koreyada universitetlərin fəaliyyəti 10 ay müddətə dayandırılacaq. Cənubi Koreya mətbuatının yaydığı məlumata görə, buna səbəb hökumətin ölkə iiqtisadiyyatının inkişafı üçün nəzərdə tutduğu radikal islahatlardır. Belə ki, gələn ilin aprel ayına qədər ali məktəb tələbələri ölkənin fabrik, tarla və inşaatlarında işlədiləcək.
Qeyd edək ki, bu qərar gələcək bir neçə ay ərzində məktəbi bitirəcək olanlara və xaricdən gələn tələbələrə şamil olunmayacaq.
Politoloqlar isə bu qərarın, başqa bir planın tərkib hissəsi ola biləcəyini deyirlər. Şimali Koreya üsul idarəsi barədə bir çox kitabın müəllifi, Tokio “Waseda” universitetinin professoru Toşimitsu Şigemura rəsmi Pxenyanın Şimali Afrikada baş vermiş “Yasəmən İnqlabı”ndan çox qorxduğunu, bu qərarın güman olunan xalq üsyanına qarşı tədbir olduğunu deyib.
Şigemura Şimali Koreyanın Çindən üsyan vaxtı istifadə olunacaq tüstü şaşkası və dəyənək (dubinka) kimi polis təchizatları aldığını, paytaxt Pxenyanın əhəmiyyətli ərazilərində polis sayını çoxaltmasını diqqətə çatdırıb.
Şimali Koreyanın prezidenti Kim Çen İr isə gələn həftə Rusiya Federasiyasına səfər edəcək və Vladivostokda ölkə prezidenti Dmitriy Medvedevlə görüşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: