Şimali Koreya müqəddəs müharibə vəd etdi
25 İyul 2010 Bazar 18:30
Şimali Koreya müqəddəs müharibə vəd etdi. Pxenyan ABŞ-Koreya təlimlərini “hərbi təxribat” adlandırıb.
Birləşmiş Ştatlar və Cənubi Koreya 1976-cı ildən bəri ilk genişmiqyaslı hərbi təlimlərə başlayıb. Seul və Vaşinqtonun birgə gücünü nümayiş etdirən təlimlər bu il martın 26-da Sarı dənizdə Cənubi Koreya gəmisinin batırılmasına cavab olaraq keçirilir.

Qeyd edək ki, həmin hadisə zamanı 46 dənizçi həlak olmuşdu. Bu, müttəfiqlərin avqustda planlaşdırdığı hərbi təlimlər seriyasının başlanğıcı kimi də qiymətləndirilir. Təlimdə təyyarə daşıyan gəmilər, 20 döyüş gəmisi, F-22 raptor adlı yeni qırıcı da daxil olmaqla 200-ə yaxın hərbi təyyarə iştirak edir. Təyyarə daşıyan gəmilərin göyərtəsində 80 aviatexnika, 18 ədəd F-18 qırıcı təyyarələri, hərəkət radiusu 1000 kilometrə qədər olan Xokay təyyarələri yerləşdirilib.

Manevrlərdə quru qoşunları, hərbi hava qüvvələri və hər iki ölkənin dəniz donanmalarından 8 min hərbçi iştirak edib. Bu manevrlər son 34 ildə iki ölkənin birgə ən iri həcmli təlimi hesab edilir. Şimali Koreya tərəfi isə bu cür təlimlərin keçirilməsinə müqəddəs müharibə ilə cavab verəcəyini bildirib. Pxenyan bu təlimləri “hərbi təxribat” adlandırıb.

Rəsmi Pekin də hərbi təlimləri narahatlıqla qarşılayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar