Şimali Kiprdə matəm elan olunub
14 Yanvar 2012 Şənbə 18:17
Ölkə prezidenti Dərviş Əroğlu bazar ertəsindən etibarən matəm mərasimlərinin başlayacağını deyib.
Şimali Kipr Türk Cümhuriyyətinin yaradıcısı və ilk prezidenti Rauf Denktaşın vəfatı ilə əlaqədar ölkənin Nazirlər Kabinetinin qərarı açıqlanıb. Ölkədə rəsmi olaraq matəm elan edilib. Rauf Denktaşın ölümü ilə bağlı kiprin yunan lideri də başsağlığı verib.

Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən prezident Dərviş Əroğlu bazar ertəsi günündən etibarən matəm mərasimlərinin başlayacağını deyib. Ölkədə bu gün yerli vaxtla saat 11-dən başlayaraq, cümə günü axşama qədər matəm elan olunub. Denktaş çərşənbə axşamı günü dəfn ediləcək. Amma onun dəfn ediləcəyi yer hələ məlum deyil. Bununla bağlı qərarı onun ailəsi verəcək.

Əsas matəm mərasimlərinin keçiriləcəyi çərşənbə axşamı günü Şimali Kiprdə qeyri-iş günü olacaq. Dəfn mərasiminə Türkiyədən çoxlu sayda insanın, o cümlədən siyasətçilərin və ictimai xadimlərin qatılacağı gözlənilir

Bu arada, Cənubi Kiprin lideri Dmitris Xristofyos da Şimali Kipr prezidenti Dərviş Əroğluna başsağlığı verib. BMT-dən də Denktaşın ölümü ilə bağlı başsağlığı gəlib.

Xatırladak ki, Şimali Kipr Türk Cümhuriyyətinin yaradıcısı və ilk prezidenti Rauf Denktaş yanvarın 13-də müalicə aldığı Yaxın Şərq Universitetinin xəstəxanasında vəfat edib. O, müalicə müəssisəsinə yanvarın 8-də yerləşdirilmişdi. Bundan əvvəl isə müxtəlif diaqnozlarla 8 ay müalicə olunmuşdu.

Ömrünün son anlarında yanında olan qızı Əndər Vangöl atasının son ana qədər şüurunu itirmədiyini və Şimali Kiprin müstəqil olduğunu dediyini bildirib. Həmçinin yunanlar və türklər arasında torpaq bölünməsi, müzakirələrlə bağlı narahatlığını bildirib. Yunanca bəzi ifadələr işlədən Denktaş son nəfəsində qızına “Kiprin yunan liderinə söyləyin ki, bura müstəqil bir dövlətdir” - dediyi və Cənubi Kipr lideri Dmitri Xristofyosun adını çəkdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar