Şimali İraqda seçkilər başa çatıb
25 İyul 2009 Şənbə 21:00
lkin nəticələrin gecə saatlarına doğru açıqlanması gözlənilir

 

Bu gün İraqın şimalında Kürdüstan Muxtar Vilayətində keçirilən prezident və parlament seçkiləri başa çatıb. Səsvermə hüququ olan 2,5 milyon Şimali İraq sakini bu gün bölgəyə rəhbərlik edəcək şəxsi və 111 parlament üzvünü seçmək üçün səs veriblər. Türkmənlərin kompakt yaşadığı bu vilayətdə, əsas rəqiblər Kürdüstan Vətənpərvərlik Birliyi Partiyası (KVBP) və Kürdüstan Demokratik Partiyasıdır (KDP).
KVB partiyasına İraq prezidenti Cəlal Tələbani, KDP-ya isə bölgənin rəhbəri Məsud Bərzani rəhbərlik edir. Bununla bərabər Kürdüstan rəhbərləri seçki öncəsi ehtiyatlı siyasət yürüdüblər - seçki kompaniyasında millətçilik faktorundan geniş istifadə edilməyib. Səs verəndən sonra jurnalistlər qarşısına çıxan Məsud Bərzani seçkilərin demokratik keçirildiyini deyib.

Qeyd edək ki, parlamentdəki 111 yerin 5-i türkmənlərə, 5-i keldani və aşurilərə, biri isə ermənilərə ayrılıb. Qalan yerlər kürdlər və ərəblər arasında bölüşdürüləcək. İraq türkmən cəbhəsinin üzvü Türkiş Muxtaroğlu deyir ki, Ərbilin böyük əksəriyyətinin türkmənlər olmasına baxmayaraq namizədlərin çoxu kürddür. Onun sözlərinə görə, bölgəyə rəhbərlik edən Məsud Bərzaninin partiyası türkmənlərin siyasi təşkilatlarına təzyiq göstərir. Türkmənlər bu seçkinin təkcə Kərkükün gələcəyi üçün deyil, bütünlükdə İraq üçün təhlükə hesab edirlər.

Xatırladaq ki, seçkilərlə bağlı bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb. Məhz buna görə, bu gün İraqın şimalında maşınların küçəyə çıxmasına qadağalar qoyulub. Bağdad, Ərbil və Süleymaniyə şəhərlərinə bu günə planlaşdırılan təyyarə reysləri də təxirə salınıb. Seçkinin təhlükəsizliyi üçün giriş çıxışın məhdudlaşdırıldığı bölgədə 410 xarici, 17 min 743 yerli müşahidəçi ilə yanaşı 135 xarici mətbuat nümayəndəsi də fəaliyyət göstərir.

lkin nəticələrin gecə saatlarına doğru açıqlanması gözlənilir. Qeyd edək ki, sabah Kürdüstanda Konstitusiyaya dəyişikliklər edilməsi barədə referendumun keçirilməsi gözlənilirdi, lakin dövlət rəsmiləri onu təxirə salıb. Dəyişikliklər layihəsində Kürdüstanın 3 vilayətinə əlavə olaraq digər ərazilərin də Kürdüstanın tərkibinə qatılmasını nəzərdə tutur. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar