Şimaldan separatçılara növbəti dəstək
08 Avqust 2010 Bazar 17:10
Prezident Dmitri Medvedev gözlənilmədən Abxaziyada peyda olub.
Rusiya prezidenti Dmitri Medvedev heç kimin gözləmədiyi halda bu gün Abxaziyaya gəlib. Moskva bu qondarma respublikanın müstəqilliyini tanıdığı vaxtdan bəri bu, Rusiaya prezidentinin buraya ilk səfəridir. Medvedevin Suxumiyə səfəri haqda öndəcən heç bir məlumat verilmədiyindən, onun Abxaziyada peyda olması sürpriz kimi qarşılanıb.
Medvedev qısa işgüzar səfəri zamanı Abxaziya separatçılarının lideri Sergey Baqapşla görüşüb. Görüş zamanı Medvedev ölkəsinin Abxaziya ilə həm iqtisadi, həm də təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirəcəyini deyib.
Bu arada isə prezidentliyə keçmiş namizəd, senator Con Makkeyn “Vaşinqton Post” qəzetində açıq məktubla çıxış edib. Gürcüstanla Rusiyanı müqayisə edən Makkeyn Saakaşvili hakimiyyətinin demokratiya və qanunun aliliyinin gücləndirilməsi sahəsində gördüyü işləri yüksək dəyərləndirərək ruslara bundan nümunə götürməyə çağırıb. “Rusiyada insan haqlarını müdafiə edənlərə təzyiq göstərirlər, döyürlər, hətta öldürürlər. Əgər Medvedev yenilənmiş siyasi sistemin olmasını istəyirsə, o, Gürcüstandan nümunə götürməlidir”, - deyə məktubda vurğulanıb.
Makkeyn həmçinin prezident Barak Obamanın siyasətini tənqid edib. Onun fikrincə, Obama administrasiyası Gürcüstana dəstəyi artırmaq əvəzinə, Rusiya ilə dostluq münasibətlərin inkişafını özü üçün prioritet seçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: