Şeyxulislam qızıl medal və “xoşməramlı səfir” titulu ilə təltif olundu
02 Sentyabr 2011 Cümə 01:20
QMİ sədri bu mükafatlara müsəlmanların dünyaya inteqrasiyasındakı roluna görə layiq görülüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislamı Qızıl Medalla təltif edib və ona “Xoşməramlı səfir” titulu verib. Bu barədə beynəlxalq təşkilatın prezidenti C. Salvatonun Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə göndərdiyi məktubda məlumat verilib.
Prezidentin imzaladığı məktubda bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl Medala və “Xoş məramlı səfir” tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: